Oyaq İsa Hüseynov, yuxulu İsa Muğanna

7 Aprel 2014 09:59 (UTC+04:00)
İsa Hüseynov haqda indi, yəni hələ yenicə dəfn olunduğu bir məqamda yazmaq bəlkə də ədəbdən kənar bir işdir. Çünki "arxasınca" deyəcəyimi böhtan, yaxud qarayaxma kimi qəbul edənlər də mütləq tapacaq. Amma məncə, bu fikirləri məhz hazırkı zaman nöqtəsində söyləmək gərəkdir. Çünki bəzən lazımi fikri məqamda cəmiyyətə çatdırmayanda dünyasını dəyişmiş insanlar bütləşdirilir, yazdıqlarına heç özlərinin də düşünmədiyi yozumlar verilir. Bunu İsa Hüseynovu unutdurub İsa Muğannaya münasibətdə də aşkar görürəm.

Bəli, İsa Hüseynov və İsa Muğanna bir şəxsdə birləşmiş fərqli fərdlərdir. Bir oxucu və yazar olaraq İsa Hüseynovu qəbul edirəm. İsa Muğanna isə mənimçün qəbuledilməzdir. Birmənalı olaraq!

Niyə? Çünki İsa Hüseynov 50-ci illərdə Azərbaycan ədəbiyyatına ideoloji qəliblər və sovet klişelərindən qurtuluş vermiş yazıçılardan biridir. Onun "Məşhər"ə qədərki hekayə və povestləri milli ədəbiyyat üçün dəyərli əsərlərdir. Bu ədəbi irsi heç vaxt "Abşeron", yaxud "Böyük dayaq"la eyni rəfə qoymaq olmaz. Amansız müharibə və müharibədən sonrakı dövr Azərbaycan kəndinin gerçək mənzərəsini oxucuya çatdıran İsa Hüseynovun 50-ci illərdə niyə rəsmi qınaqla və qısnamayla üzləşməsinin səbəbini də məhz tarixi gerçəyin saf realist ədəbi aynada əksində axtarmaq lazımdır. "Bir az romantika" hekayəsini oxuyandan sonrasa Anarın İsa Hüseynovu "onu öz ustadım bilirəm" açıqlamasını anlamaq da çox rahatdır. Sanki "Ağ liman", yaxud "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nə yazılmış proloqdur. Bu fikrin davamıə kimi: 60-cı illər ədəbi nəslinin təməl daşını atanlar tanıdığımız, bildiyimiz yazıçılar – Anar, Elçin, İsi Məlikzadə, Sabir Əhmədli, Əkrəm Əylisli olsa da, bu "ədəbi layihə"nin memar və baş mühəndisləri İsa Hüseynov, Çingiz Hüseynov və İsmayıl Şıxlıdır.

Bu, bəyəndiyim və yüksək dəyərləndirdiyim yazıçıya aid qeydlərdir. Amma "Məşhər"dən başlayaraq İ. Hüseynovun, yox, artıq İ. Hüseynovun deyil, İsa Muğannanın yazdıqlarını düşünmədən zibil qutusuna atardım. Çünki... tam cəfəngiyatdır.

Yadımda, o zaman, yəni 70-ci illərdə "Azərbaycan" jurnalında "Məşhər"lə bağlı tutarlı bir rəy yazılmışdı. Dünyaya qapı açdığımız dövrdə də məlum oldu ki, hürufilər və s. bağlı Azərbaycan yazıçılarının yazdığı "külliyyatlar" kül topasından başqa bir şey deyil. O cümlədən "Məşhər" də!..

İsa Hüseynov bir çox Azərbaycan yazıçıları kimi, Azərbaycan tarixini çox pis bilirdi. Daha doğrusu heç bilmirdi. Buna görə də hələ sağlığında onun ən böyük tənqidçilərindən biri mərhum tarixçi-alim Ziya Bünyadov idi.

Və haqlıydı. İsa Muğannaya dönüş toplumda böyük bir kəsimin qəbul etmədiyi təzahür idi.

Yazıçı İsa Muğanna... "Yazıçı" sözünü yazan kimi dərhal da duruxursan. Buna yazıçılıq demək olarmı?

Dünyanın Axirəz-zamanın astanasına yetişdiyi, peyğəmbərliyin artıq xətm olunduğu, vəhyin çatdırılmayacağı və Qiyamətə doğru addımladığımız zamanda etnogenez, dünya və Kainatın fəlsəfi qavrayışı ilə bağlı İsa Muğannanın yazdıqları ən azı anlaşılmazdır. Dəqiq ifadəylə desək – səfsəfədir. Daim "təkmilləşdirilən" "Məşhər" və "İdeal"la İsa Muğannanın Azərbaycan oxucusunu kamilliyə yetişdirəcəyini güman edənlərin köklü bir tutarqası da, əlbəttə, yoxdur. Yalnız bir yığın söz! Den Braun və Umberto Ekoya bənzətmə də əsla yerinə düşmür. "İsa Muğanna İsa Hüseynova nifrət edirdi" iddiası doğrudursa, bu artıq ədəbi müzakirə mövzusundan çıxıb tibbi müstəvidə müzakirə olunacaq, təbib diaqnozu qoyulacaq məsələdir.

Bu mənada Əkrəm Əylisli ilə ikiəlli razılaşıram: "Öz ölümüylə İsa Hüseynov "İsa Muğanna müəmması" barədə sirli həqiqəti axirətə apardı". Özümdən əlavə edim: Asif Əfəndiyev də "Asif ata müəmmasını. Bu çevrilmələr müəyyən qədər bəllidir. Amma tam həqiqət Qiyamətə qaldı.

Mən yenicə dünyasını dəyişmiş İsa Hüseynov-İsa Muğannanın ruhunu incitmək istəməzdim. Amma zamanında mərhum tarixçi-alim Ziya Bünyadov bu deyimində haqlıydı: "Əgər bütün bunlar İ. Hüseynovun yuxusuna giribsə, onu oyatmağa dəyməz – qoy yatmağına davam etsin. Bu onun üçün də, ətrafdakılar üçün də yaxşıdır. Amma oxşar səfsəfə ciddi şəkildə təlqin olunursa, biabırçılığı dayandırmaq lazımdır".

AzNews.az