Yol polisi sürücülərə çağırış etdi: təmir işləri ilə bağlı

7 Aprel 2014 10:37 (UTC+04:00)
Paytaxtda aparılan əsaslı təmir-tikinti işləri ilə əlaqədar metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpünün üzəri ilə Qara Qarayev prospekti istiqamətində bağlanılmış yol artıq təxirəsalınmaz tədbirlər nəticəsində açılaraq sürücülərin ixtiyarına verilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda yolda əsaslı təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Qara Qarayev prospekti ilə Əli Vəliyev küçəsinin kəsişməsindən prospektin metronun "Qara Qarayev" stansiyasınadək olan hissəsi avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb. Hərəkət üçün gediş-gəliş yolun sol tərəfi ilə müəyyənləşdirilib: "Ümumiyyətlə, paytaxtın Nizami rayonu ərazisində, xüsusilə yolların Qara Qarayev prospekti ilə kəsişən yerlərində yenidənqurma, səki daşlarının dəyişdirilməsi, asfalt örtüyünün, kommunikasiya xətlərinin yenilənməsi, yaşıllıq zolaqlarının salınması, əhalinin rahat istirahət etməsi üçün parkların genişləndirilməsi işləri aparılır. Ona görə də bu ərazi üzrə hərəkət edən avtomobil sürücülərindən xahiş edilir ki, diqqətli olsunlar, sürət həddini şəraitə uyğun seçsinlər, nəqliyyat vasitələrinin yol zolaqları üzrə sıx cərgələnməsi ilə əlaqədar təmkinli olsunlar və yol qəza hadisələrinin törənməməsi üçün alternativ yollardan istifadə etsinlər".

V.Əsədov həmçinin qeyd edib ki, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelədək olan hissədə yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulub. Ona görə də sıxlığın yaranmaması üçün sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bakı şəhər DYPİ məlumat üçün bildirir ki, "Azəryolservis" ASC tərəfindən Həsən Əliyev küçəsində 3,4 km boyu mərhələlərlə asfalt örtüyünün çəkilməsi planlaşdırılıb.

AzNews.az