Azərbaycandakı nurçu məktəblərinin rəsmiləri ABŞ-a gedir

7 Aprel 2014 10:44 (UTC+04:00)
Türkiyə baş naziri Ərdoğanın Azərbaycana birgünlük səfərindən sonra camaat məktəblərinin bağlanması iddiaları bir qədər də artıb.

Ərdoğanın bağlı qapılar arxasında baş tutan görüş zamanı həmin məktəblərin haqqında prezident İlham Əliyevdən ölçü götürməsini xahiş etdiyi deyilir. Qapalı görüşdən sonra Baş nazirlə prezident İlham Əliyevin birgə keçirdikləri mətbuat konfransında camaat məktəblərinin Azərbaycandakı taleyi ilə bağlı hər iki dövlət liderinə ünvanlanan suallara verdikləri diplomatik cavablar da bu iddiaları bir qədər də dərinləşdirib.

Belə ki, prezident İlham Əliyevin "Türkiyəyə zərər verəcək hər hansı addımı qəbul etməyəcəyik"-cavabını Türkiyə mediası "İlham Əliyev camaat məktəblərini bağlamaq siqnalını verdi"-kimi şərh edib.

AzNews.az xəbər verir ki, bu hadisələrin ardından "Qafqazinfo"ya maraqlı məlumat daxil olub. Əldə etdiyimiz xəbərə görə, "Çağ" Öyrətim Məktəblərinin ikinci şəxsləri gözlənilmədən ABŞ-a yola düşürlər. Səfərin detalları açıqlanmasa da camaat məktəblərinin bağlanacağı ilə bağlı iddiaların yenidən gündəmə gəldiyi bir vaxtda "Çağ"ın nüfuzlu şəxslərinin ABŞ-a üz tutması təsadüfi görünmür. Redaksiyamızı bilgiləndirən mənbə sözügedən məktəblərin və "Araz" kurslarının ikinci şəxslərinin aprelin 8-də Türkiyəyə, oradan isə ABŞ-a səfər edəcəyini açıqlayıb. Onların ABŞ səfərinin Pensilvaniyaya olub-olmadığı haqda isə bir məlumat yoxdur.

AzNews.az