Millət vəkili Tarix İnstitutunu sərt tənqid etdi

8 Aprel 2014 15:25 (UTC+04:00)

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunu sərt tənqid edib.

AzNews.az-ın məlumatına görə, "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin tədbirində çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Akademiyanın Tarix İnstitutu Azərbaycanın ən yaxın tarixi ilə bağlı 7 cildlik kitab yazıb. Lakin bu nəşrlər toplusu lazım olan səviyyədə hazırlanmayıb: "Kitabı necə istəyiblər, o cür də yazıblar. Həmin kitablarda bəzən kiminsə asqırmasını yazdıqları halda, məsələn, 1991-ci ilin oktyabrında "Azərbaycan" qəzeti çapa başlaması, yaxud da Dağlıq Qarabağa xalq yardımı ilə bağlı müəyyən addımlar atılması kimi faktlar dərc olunmayıb. Tarıxə belə münasibət yolverilməzdir".

S. Rüstəmxanlı əlavə edib ki, kitabı oxuduqda nəşr müəlliflərinin Azərbaycan tarixindən bilgilərinin az olduğu qənaətinə də gəlinir: "Bunlar ya Azərbaycan tarixini kifayət qədər bilmir, ya da tarixə subyektiv münasibəti var. Yəni qeyd etdiyim kitabla bağlı onlarla belə misal çəkmək olar. Ümumiyyətlə bizə tarix lazımdır və yaxud lazım deyil. Əgər lazımdırsa, obyektiv tarix yazmalıyıq. Yox lazım deyilsə, heç nə yazmalı deyil. Açığı, son illər tarix institutunda xeyli iş görülməsinə baxmayaraq, yenə də İqrar Əliyev dövrünün ən-ənənələrindən tam qopa bilməyiblər".

Amid
AzNews.az