“Krımın Rusiyaya qatılması türk dünyası üçün faciədir“

8 Aprel 2014 22:26 (UTC+04:00)
Güney Azərbaycanı Milli Oyanış Hərəkatının lideri, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin üzvü Mahmudəli Çöhrəqanlının Aktual.az-a müsahibəsi

- Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradılması ideyası nəyə xidmət edir və bunun hansı üstünlüyü olacaq?

- İllərdir Vətəndən ayrı olan Güney Azərbaycan türkləri, bəzi səbəblərdən dolayı bir araya gələ bilmirdi və beynəlxalq arenada Güneyimizə sahib çıxaraq oranı təmsil etmək və Fars hökümətinin ayaqları altında əzilən haqlarını müdafiə edə biləcək bir sistem qura bilmirdilər. Ancaq, gec də olsa, bu yolda doğru bir addım atıldı. Bu qurumun tabeliyində olan və Müvəqqəti Mühacir Parlamentinin üzvü olaraq deyə bilərəm ki, bundan sonrakı toplantılarda parlamentin məramı daha da dəqiqləşəcək və bu prosesin davamında görülə biləcək işlər müzakirə olunacaq. Bu qurumun üstünlüyü ondadır ki, əhəmiyyətli şəkildə aydın düşünən və fəal mühacir siyasətçiləri bir araya gətirə bilir. Bu vəziyyətdə mən hesab edirəm ki, neqativ bir sonluq ola bilməz.
Yurdumuzun o qədər problemi var ki, bunlar, həqiqətən realıqda həll olunacaqsa, gərək alternativ yollar təqdim edilə və müzakərəyə qoyularaq ciddi addımlar atıla. Parlamentin məqsədi odur ki, gələcəkdə daha da inkişaf etsin, güclənsin. Parlament Güney Azərbaycanın iradəsinə bağlıdır, fəaliyyətini Güney Azərbaycan üçün istiqamətləndirib. Əgər bizlər fars şovinist rejimindən narazıyıqsa, bu rejimin sonrası üçün hər bir problemə hazır olmalıyıq. Rəhmətlik Seyyid Cəfər Pişəvəri dönəmində olduğu kimi Güney Azərbaycanımızın dünyada tanınmaması və mənfi təbliğatı bir ildə yeni qurulmuş milli hökümətin çökməsi, yurdumuzun təkrar işğalı və otuz mindən çox vətənpərvər soydaşımızın qətli ilə nəticələnmişdi. Bu acı, qanlı, çox ağır təcrübələrdən dərs alaraq millətimizin oyanış və intibahı uğrunda əlimizdən gələni əsirgəməməliyik. Xalqımızı oyadaraq, millətimizin milli və siyasi şüurunu yüksəldərək Vətənini və milli haqlarını müdafiə etməyə hazırlamalıyıq. Vətənimizin və millətimizin durumunu dünya ictimaiyyətinə çatdıraraq beynəlxalq ictimaiyyətin etimadını qazanmalıyıq. Hər zaman hər yerdə oyanış hərəkatı davam etməlidir, eyni zamanda, gələcək üçün hazırlıqlı olmalı, vacib təşkilatlarla əlaqəyə girib, beynəlxalq səviyyədə lobbiçilik faaliyyətini həyata keçirməliyik. İçimizdə olan kiçik fikir ayrılıqlarını bir kənara qoyaraq, Vətəni ön planda tutmağımız gərəkdir. Bu siyasəti hədəf seçdiyimiz təqdirdə, qazanan millətimiz olacaq.

- Son zamanlar Ukraynada baş verən hadisələri necə qiymətləndirirsiniz? Krımın Rusiyaya verilməsi haqqında nə düşünürsünüz? Bu regionda yaşayan Krım tatarlarının vəziyyəti bundan sonra necə olacaq?

- Yüz illər boyu Krım xanlığının idarəçiliyi altında olan türk yurdu sayılan Krım bu gün, təəssüflər olsun ki, böyük güclərin siyasi sınaq laboratoriyasına çevrilib və nəticədə Krım türkləri yenidən rus əsarəti altına alınıblar. Rusiya prezidenti Vladimir Putinin birbaşa göstərişi ilə insan haqları kobud şəkildə pozularaq, Beynəlxalq hüququn prinsiplərinə zidd şəkildə Krımın suveren bir ölkə olan Ukrayna dövlətindən ayrılaraq, Krım türklərinin baykot etdiyi planlı referendumla Rusiyaya qatılması, türk dünyası üçün yeni bir faciədir. Referendumdan əvvəl Ukraynada demokratiya uğrunda gedən kütləvi aksiyalardan əvvəlki prosesdə Krım türklərinin durumu indiki vəziyyətə nisbətən daha ümidli idi. Ukraynanın Avropa Birliyinə üzv olması, orada yaşayan soydaşlarımızın ən qabaqcıl insani, dini və siyasi haqlarından məhrum edilməyəcəyi, tam əksinə bu istəklərin təmin olunacağı anlamına gəlirdi. Ancaq təəssüflər olsun ki, sonluq heç də düşünülən kimi olmadı.

Yanukoviçdən əvvəl başlayan və tez bir zamanda güclənən qərb təfəkkürlü anti-sovet bloku, nə yazıq ki, Putin və ətrafı tərəfindən tezliklə kənara qoyuldu və bölgədə hegemonluq nümayiş etdirən Rusiya, Yanukoviçin qısa zamanda ölkəni tərk etməyə məcbur olunmadan öncə həyata keçirdiyi təhlükəsizlik və enerji razılaşmaları ilə, Ukraynanın ipini öz əlində saxlamağı qərara aldı. Baş verən kütləvi aksiyalardan sonra devrilən Rusiya yönümlü Yanukoviç üçün sonrakı prosesin siyasi revanşı-Putinin Krımı Amerika və Avropanın yüksək səsli etirazlarına baxmayaraq, dünyanın gözü önündə işğal etməsi oldu. Krım türkləri, təəssüflər olsun ki, tarix boyu Sovet-Rus hakimiyyətindən acı və kədər görüb, hal-hazırda da 1944-cü ilin sürgününün dərin yaraları siyasi və sosial-iqtsadi baxımdan hiss olunmaqdadır. Stalin dövründə də yarım əsrdən çox zaman keçməyinə baxmayaraq, Krım türklərinə heç bir zəmanət verilməyib ki, öz yurdlarına gəlib yerləşsinlər. Bunun tam əksinə, oraya sistemli metodlarla rus və digər xalqların nümayəndələri yerləşdirilmiş, keçən zaman ərzində türk yurdu türksüzləşdirilmişdir. Krım türkləri bu mübarizələrində Türkiyə başda olmaqla, türk dövlətləri tərəfindən dəstək görmədi. Soydaşlarımız göz görə-görə, səssiz və təpkisiz əsarət altına alındı.

- Bu arada Vladimir Jirinovski Qarabağı da Rusiyaya birləşdirmək təklifi ilə çıxış etdi. Bu fikrə münasibətiniz…

- Həddindən artıq rus milliyətçiliyi təfəkkürü ilə dərin türk düşmənçiliyi yaradan Jirinovski, Ramil Səfərov azadlığa buraxılan zaman da ermənilərə dəstəyini açıq şəkildə bəyan etmişdi. Təəssüf ki, bu tip insanlar hələ də imperialist düşüncə tərzi ilə qabağa gedə biləcəklərini düşünməkdədirlər. Hər zaman demişik və təkrarlayırıq: Qarabağ Azərbaycan-Türk yurdudur və məcburi şəkildə Rusiyanın dəstəyi ilə qondarma Ermənistan tərəfindən işğal edilib. Bu gün türk dünyasına qarşı bu iyrənc cümlələri işlətməkdən çəkinməyən Duma parlamentinin başqan yardımçısı, inanın, sabah Güney Azərbaycanımızın azadlığını da qəbul etməyəcək. Bölgədə dostumuz az, gözü doymayan ac və təcavüzkar düşmənlərimiz isə çoxdur. Buna görə də milli oyanış davam etməlidir. Azərbaycan türkü nə zaman millət olaraq Qarabağı geri almaq istəsə, bu bəlkə də, bir neçə günlük tarixi zamandan ibarət olacaq. Ermənistanın arxasında rus imperiyası ola bilər, ancaq bizlər heç bir zaman beynəlxalq hüquqlarımızdan, milli və siyasi haqlarımızdan imtina etməyəcəyik.

- Azərbaycana nə zaman səfər etməyi planlaşdırırsınız? Dəvət varmı?

- Azərbaycana səfər fikrim var. Həssas atmosferi nəzərə alaraq, inanırıq ki, yaxın gələcəkdə, qısa müddətə də olsa, Bakıya səfərimiz baş tutacaq. 20 ilə yaxındır Güney Azərbaycanı Milli Oyanış Hərəkatı (GAMOH) adı altında siyasətimizi hər zaman sülh yolu ilə yürütmüşük. Bizim ən güclü silahımız danışan dilimiz və millətimizin tapdalanmış haqlarının müdafiəsinə səfərbər etdiyimiz qələmimiz olub. YAP sözçüsü Səyavuş Novruzov və Xarici İşlər Nazirliyi sözçüsü Elman Abdullayevin dediklərinə əsasən, Bakıya gəlməyimizdə heç bir hüquqi problem yoxdur. Bununla yanaşı, Bakıya səfərimizlə bağlı fikirlər tam təsdiqini tapdığı zaman mediaya məlumat veriləcək.

AzNews.az