“Ürəyimə yara vuruldu” – Müsavatdan qovulan gənc

9 Aprel 2014 09:37 (UTC+04:00)

"Müsavat partiyasına yenidən üzv olmaqda qərarlı olsam da hələ ki, müraciət etməyi düşünmürəm".

Bunu AzNews.az-a açıqlamasında bir müddət əvvəl Müsavat Partiyasının üzvülüyündən çıxarılan Samir Poladov deyib. O bildirib ki, hazırda Müsavat Partiyasının üzvü olmasa da qəlbən Məhəmməd Əmin Rəsulzadə ideyalarının davamçısıdır: "Bu yara 6 ay bundan əvvəl mənim ürəyimə vuruldu. Bu gün də qəlbimi sızladır. Bir necə dostumuz Müsavat Partiyasının Gənclər Təşkilatından kənarlaşdırıldı. Onların arasında mənim hörmət etdiyim Cavanşir də vardı. Ondan sonra mən saytların birinə açıqlama verdim. Dedim ki, əgər biz 6 aydan sonra Müsavat Partiyasına üzv olub və təkrar partiyadan hansısa bəhanə ilə kənarlaşdırılacayıqsa, nəyə görə üzvü olum? Amma qəlbən müsavatçıyam və Məhəmməd Əmin Rəsulzadə ideyaları ilə yaşayıram. Müsavat başqanı İsa Qəmbərin, Divan və Məclis üzvlərinin qəbul etdiyi qərarları dəstəkləyirəm". S. Poladov onu da əlavə edib ki, hazırda səhhətində mühüm problemlər yarandığından siyasətlə məşğul olmur.

Xatırladaq ki, Müsavat Partiyasının Gənclər Təşkilatı sədrliyinə keçirilən seçkilərdən sonra Samir Poladov və Orxan Eyyubzadə partiyanın nüfuzuna xələl gətirəcək açıqlamalar yaydığı üçün Divanın qərarı ilə partiyadan kənarlaşdırılıblar. Nizamnaməyə görə isə partiyadan kənarlaşdırılan şəxs 6 aydan sonra quruma qəbulla bağlı müraciət etmək hüququ var.

Bahar Rüstəmli
AzNews.az