Bakıda ev tikməyin qaydaları
10 Aprel 2014 07:00 (UTC+04:00)
Bakıda fərdi yaşayış evi tikintisi ilə bağlı suallar və problemlər tez-tez yaranır. Milli.Az-a müraciət edən oxucu da yeni aldığı torpaqda ev tikməyə hazırlaşarkən gözləmədiyi problemlə üzləşib: "Bakıda torpaq aldıq, istəyirik ev tikək. Sənədlərdə torpaq kənd təsərrüfatlı yazılıb. Sonra makler dedi ki, tikmək olmaz, qanun var. Belə bir qanun var ki?"
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin Osmanlı milli.az-a açıqlamasında bildirdi ki, ev tikmək məqsədilə alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalı və torpağın dövlət reyestrindən çıxarışı olmalıdır. Bu təyinat varsa, müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır.
Ekspertin sözlərinə görə, bu məsələlər Tikinti və Şəhərsalma Məcəlləsi ilə tənzimlənir. Fərdi yaşayış evinin tikilməsi üçün alınmış torpaqlar tikinti təyinatlı olmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə icazə verilmir. Həmin torpağın təyinatının dəyişdirilməsi isə ciddi problemdir. Torpağın təyinatını dəyişmək üçün Nazirlər Kabinetinin sərəncamı lazımdır. İnandırıcı deyil ki, 5-10 sot torpağın təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti ayrıca sərəncam versin. Əgər kütləvi hal olarsa, mümkün ola bilər.
R.Osmanlı qeyd etdi ki, Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması halları kifayət qədərdir. Xüsusilə Bakıətrafı rayonlarda və Abşeron ərazisində bu hal böyük problemdir. Bakıda sənədsiz evlərin sənədləşdirlməsində əsas problemlərdən biri də məhz kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikilməsi ilə bağldır.
AzNews.az