Nazim Süleymanov millimizin uğuruna “mız” qoydu

10 Aprel 2014 12:25 (UTC+04:00)

FiFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Son dəfə 368 xalla 91-ci pillədə qərarlaşan yığmamız xallarının sayını 398-ə çatdırmaqla 6 pillə irəiləyib ki, bu da Azərbaycan futbolu adına rekorddur. Belə ki, indiyə kimi ən yaxşı nəticəmiz ötən ilin oktyabr ayına təsadüf edib - 88-ci yer.

AzNews.az saytı bununla bağlı "Neftçi"nin sabiq baş məşqçisi, bir zamanlar milli komandamızın kapitanı olmuş Nazim Süleymanovun münasibətini öyrənib. Hazırki nəticənin təqdirəlayiq olduğunu deyən mütəxəssis bildirib ki, onların dövründə milli komanda ev oyunlarını Bakıda keçirsəydi, daha yaxşı nəticə göstərə bilərdirlər: "Yığmamız bu qədər irəli gedibsə, bu, faktdır. Amma bu demək deyil ki, indiki yığma komanda bizim dövrümüzdəkindən daha güclüdür. Əgər ev oyunlarımızı Trabzonda yox, Bakıda keçirsəydik, nəticələrimiz də, reytinqimiz də yüksək olardı. Biz İsveçrəni Bakıda udmuşuq 1996-cı ildə. Ev oyunlarını səfərdə oynadığıma görə bizə çox çətin idi. Biz nəinki 85-ci, daha irəli pillələrdə olardıq".

Qeyd edək ki, Nazim Süleymanov 1992-98-ci illərdə millinin heyətində çıxdığı 24 oyuna 5 qol vurub.

İntiqam Valehoğlu
AzNews.az