Zülfiyyə Hüseynova idmançılara əsəbiləşdi: “O bahalı maşınlarınızı...”

10 Aprel 2014 13:53 (UTC+04:00)
Cüdo və sambo üzrə dəfələrlə dünya çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Zülfiyyə Hüseynova son vaxtlar idmançıların bahalı avtomobilləri ilə şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirməsini pisləyib.

Bu barədə AzNews.az-a özəl açıqlamasında Hüseynova deyib ki, idmançının nəinki 200 minlik, daha bahalı avtomobillər sürməyə də ixtiyarı var, amma bir şərtlə ki, bunu nümayişkaranə şəkildə reklam etməsin: "Azərbaycanın bayrağını qaldıran şəxsin 200 minlik maşın sürməyə haqqı yoxdur? "Əmilər", "dayılar" əynində əyni olanlara maşın verirlər. Bunlar ala bilməzlər? Bir azərbaycanlı olaraq bilməliyik ki, bizim 20 faiz torpağımız işğal olunub. Bunun utancını çəkməliyik ilk öncə. Bu sözlər hər bir sənətin sahibinə aiddir. Bizim qaçqınımız, köçkünümüz var. O şəkillərə baxıb deyəcəklər ki, bunların necə qaçqını, köçkünü var ki... Amma bayrağı qaldıran adamın nəinki 200 minlik, 2 milyardlıq maşın da halal xoşu olsun. Çünki o alın təriylə qaldırıb o bayrağı və bayrağı da hər kişi qaldıra bilmir. Yalnız prezident harasa gedəndə və idmançı birnci yerə çıxanda bayraq qaldırılır, himn səslənir. Ona milyardlar da azdır..."

Z.Hüseynova həmkarlarına məsləhət verməyi də unutmayıb: "İdmançılara məsləhət görürəm ki, o maşınları reklam etməyin mənası yoxdur".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə olimpiya çempionları Toğrul Əsgərov, Elnur Məmmədli, həmçinin dəfələrlə dünya çempionu Eduard Məmmədovun bahalı avtomobilləri ilə şəkilləri yayılmışdı.








İntiqam Valehoğlu
AzNews.az