Respublika Stomatoloji Mərkəzi bağlanır

12 Aprel 2014 07:32 (UTC+04:00)
İki yüzə yaxın işçi çölə atılır, Səhiyyə Nazirliyi özəlləşdirilən müəssisənin əməkdaşlarına sahib çıxmır
Paytaxtda, Şərifzadə küçəsində yerləşən Respublika Stomotoloji Mərkəz bağlanır. Mərkəzin iki yüzə yaxın işçisinə isə heç bir iş təklif edilməyib. Bu barədə "Yeni Müsavat"a mərkəzin işdən çıxma təhlükəsi qarşısında qalan əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, aprelin ortaları, yaxud mayın əvvəlində mərkəz fəaliyyətini tamamilə dayandıracaq.

"On gündür ki, bizə bu barədə bildiriblər. Heç bir səbəb də göstərmirlər. Burada təkcə 50-dən artıq həkim çalışır. Onlara heç yerdə iş təklif edilmir. Deyirlər ki, hərə öz başının çarəsinə baxsın", - deyə işçilər bildirirlər. Əməkdaşımız sözügedən ərazidə olub və həkimlərlə söhbətləşib. Həkimlər danışmaqdan çəkiniblər. Adlarının açıqlanmasını istəməyən tibbi personal mərkəzin bağlanmasını oranın yüksək rütbəli məmur tərəfindən alınması ilə əlaqələndirib. İşçilər işsiz qalma təhlükəsi qarşısında olduqlarını vurğulayıblar. Bildiriblər ki, onların az bir qismi özlərinə iş tapa bilib. Onlar Səhiyyə Nazirliyinin bu məsələdə susqunluq nümayiş etdirməsindən də narahatdırlar: "Biz Səhiyyə Nazirliyinə müraciət etməyi düşünürük. Onlarla həkim və tibbi heyəti bir qərarla çölə tökmək olmaz. Nazirlik buna göz yummamalıdır". Ancaq bununla belə, söylənilir ki, çoxdan özəlləşdirilən müəssisəyə nazirliyin bir o qədər də aidiyyəti yoxdur: "Nazirlik məsələyə münasibət bildirməli, həkimlərin işlə təminatına zəmanət verməlidir. Bu qərar ədalətsizlikdir".

Bildirilir ki, Stomatoloji Mərkəz bir neçə il əvvəl özəlləşdirilib. 2006-cı ildə dövlət başçısının fərmanı ilə özəlləşdirilən bir sıra səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin arasında sözügedən mərkəz də olub. Amma bütün bu müəssisələrin özəlləşdiriləndən sonra da profillərini saxlamalı olduğu qeyd edilib. Özəlləşdirilməyə çıxarılandan bir müddət sonra binaya sahib də çıxıb. İndi isə mərkəzin işçiləri bildirirlər ki, buranı özəlləşdirən sahibkar artıq onu öz profili üzrə işlətmək istəmir. Sahibkarın adı açıqlanmasa da, işçilər onun sıradan biri olmadığını vurğulayırlar. Həmçinin binanın tezliklə söküləcəyi və geniş ərazidə ticarət mərkəzinin tikiləcəyi də söylənilən məlumatlar arasındadır.

Qeyd edək ki, faktla bağlı mərkəzin rəhbərliyi və Səhiyyə Nazirliyi ilə danışmaq cəhdləri alınmayıb.
AzNews.az