Şahin Mustafayev vətəndaşları qəbul etdi- FOTO

12 Aprel 2014 11:39 (UTC+04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzəndə Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda 70-dən çox vətəndaş iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının qurulması, istehsal və emal sahələrinin yaradılması, kənd yollarının tikintisi, kənd məktəblərinin təmiri, kənd yerlərinin qazlaşdırılmasının başa çatdırılması, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbulda olan vətəndaşların İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı, həmçinin sahibkarların müxtəlif layihələrə dair təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstəriş verilib.

Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bununla yanaşı, vətəndaşların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq təşkili üçün İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi internet və "facebook" səhifələrində "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri yaradılıb və vətəndaşların qəbul üçün müraciətləri bu bölmə vasitəsilə də qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

AzNews.az