Nəriman Nərimanovun doğum gündür

14 Aprel 2014 07:23 (UTC+04:00)

14 aprel görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanovun doğum günüdür. AzNews.az-ın məlumatına görə, N. Nərimanov tarixin bu günü 1870-ci ildə Tiflis şəhərində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. 1890-cı ildə Qori seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. 1891-ci ildə Bakıya gələrək, geniş fəaliyyətə başlayıb. 1894-cü ildə türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil edib. Həmin il N.Nərimanovun "Nadanlıq" pyesi Azərbaycan türkçəsində çap olunub.

Bu dövrdə Nərimanov "Dilin bəlası", "Bahadır və Sona", "Nadir şah" əsərlərini, bir çox publisistik məqalələr, azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb. 1902-ci ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakültəsinə daxil olub. Nərimanov siyasi fəaliyyətə Odessada başlayıb. 1905-ci ildə "Hümmət" sosial-demokrat təşkilatına daxil olub, bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlayıb, İran "Mücahid" partiyasının əsasının qoyanlardan biri olub. 1908-ci ildə Odessanın Novorossiya İmperator Universitetini bitirib Bakıya gəlib.

1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə Qafqazla əlaqələrini kəsməmiş, yerli mətbuatla fəal əməkdaşlıq edib, mədəni-kütləvi təşkilatların işində çalıb, həkimliklə məşğul olub. Həştərxan xalq universitetinin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında "Şurayi-İslam" cəmiyyəti adından çıxış edib, Həştərxan Şəhər Dumasının üzvü seçilib.
1913-cü ilin iyulunda Həştərxandan Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı, ədəbi-publisistik və maarifçilik fəaliyyətini davam etdirib, "Pir", "Bir kəndin sərgüzəşti" əsərlərini yazıb, "Nicat" cəmiyyətinin maarif bölməsinin sədri seçilib, "Tənqid gecələri" ədəbi dərnəyinin yaradılmasına rəhbərlik edib. "Xalq yurdu", "Ədəb yurdu", "Xalq evi", "El yurdu", "Qənaət" adlı cəmiyyətlərin təşkilatçılarından və mühazirəçilərindən biri olub. 1914-cü ildə Nərimanov Gülsüm xanım Əliyeva ilə evlənir.

1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilib. Şəhərin sanitar vəziyyəti, şəhər müəssisələrinin, xəstəxanaların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifi və imzası ilə Bakı Xalq Komissarlar Sovetinin kağız pul nişanları buraxılıb. 1918-ci ilin iyun ayında ağır xəstələnərək Həştərxana müalicəyə göndərilib. 1919-cu ilin iyulunda Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri təyin edilib.

1920-ci ildə Azərbaycanda sovetləşmədən sonra Nərimanov xalqın milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərib.

Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb, Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməyib. O, milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirib, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırıb. 1922-ci ildə SSRİ MİK-in sədri seçilib. 1925-ci il martın 19-da Moskvada vəfat edib. Onun öz əcəli ilə vəfatı isə hələ də müəmma olaraq qalır.

AzNews.az