Ordu əməliyyata başlayır: Turçinov isə BMT-dən kömək istədi

15 Aprel 2014 09:32 (UTC+04:00)
Ukrayna Ordusu ölkənin şərqində rusiyameyilli qüvvələrə qarşı əməliyyata başlamağa hazırlaşır. AzNews.az-ın məlumatına görə, belə açıqlama ilə Ukraynanın müdafiə naziri Mixail Koval çıxış edib. Yerli televiziya kanallarından birinə müsahibə verən M. Koval bildirib ki, Ukrayna Ordusu qarşısına qoyulan tapşırıqları yerinə yetirmək üçün yüksək döyüş hazırlığına gətirilib: "Hazırda Silahlı Qüvvələr Milli Təhlükəsizlik Şurasının tapşırıqlarını yerinə yetirmək üçün tam hazır vəziyyətdədir".

Onun sözlərinə görə, ordu xəbərdarlıq etmədən antiterror əməliyyatlarına qoşula bilər: "Əslində artıq ordunun əlində bununla bağlı kifayət qədər əsas var".

Bu arada Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov BMT-nin Baş katibi Pan Ki Munla telefon danışığı zamanı ölkənin şərq vilayətlərində antiterror əməliyatlarının birgə keçirilməsi təklifi ilə çıxış edib. Pan Ki Mun isə problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün variantlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb və BMT-nin də bu istiqamətdə işlər apardığını söyləyib.

Məhəmməd
AzNews.az