Bakıda avtobus qatarla toqquşdu: çoxlu sayda ölən var -Yenilənib

31 Avqust 2012 07:31 (UTC+04:00)


Respublika Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində keçidi keçməyə cəhd göstərən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 saylı sərnişin avtobusu ilə toqquşub.
"Hələlik bizə qəzada 7-dən insanın öldüyü məlumdur. Lakin ölənlərin sayının artacağı istisna olunmur. Hələlik morqa 3 nəfərin meyidi gətirilib. Yaralananların sayı isə 12 nəfərdir", - deyə K.Əliyev bildirib.

10.25

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07:30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusun sərnişinlər arasında ölənlər və xəsarət alanlar var. Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilmişdir.
Hadisənin baş verməsinə səbəb sürücü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanun"un 44-cü maddəsinin tələblərinin pozulması olmuşdur.

10.21

Bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində qeydə alınan dəhşətli qəzanın təfərrüatları məlum olub. Dəmiryolu yaxınlığında yaşayan sakinlərdən birinin ANS PRESS-ə verdiyi məlumata görə, avtobusun sürücüsü dəmiryoluna çatanda dəmiryolu işçisi şlaqbaumu bağlamağa hazırlaşıb. Lakin sürücü ona "bağlama, bağlama mən keçim" deyə qışqırıb. Dəmiryolu işçmisi ona keçə bilməyəcəyini desə də, şlaqbaumu salmayıb.

"Nəticədə normadan dəfələrlə artıq yüklənən avtobus reysin üzərinə sürtünərək qalıb və toqquşma baş verib. Qəza baş verən kimi ətrafda yaşayan sakinlər köməyə gediblər. Hadisə şahidinin sözlərinə görə, ətrafa parçalanmış cəsəd hissələri səpələnib. Şahidin sözlərinə görə, hadisədən sonra həm sürücü, həm də dəmiryolu işçisi hadisə yerindən qaçıb. Digər hadisə şahidinin ANS PRESS-ə verdiyi məlumata görə, qatar avtobusu ortadan vuraraq təxminən 100 metr sürüyüb.

09.48

Bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində ölüm və xeyli insanın yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində 124 saylı sərnişin avtobusu ilə qatar toqquşub. Qəza nəticəsidə 15 nəfərdən çox insan ölüb, çoxlu sayda insan yaralanıb. Verilən məlumata görə, qatar Bakıda Ağstafa rayonu istiqamətinə hərəkət edirkən dəmir yolu keçidində Lökbatan qəsəbəsindən şəhərə gələn 124 saylı avtobusu vurub.
Hələlik hadisə ilə bağlı dəqiq məlumat verilmir.

AzNews.az