Qərb bölgəni necə parçalayacaq? - Plan açıqlandı

31 Avqust 2012 09:16 (UTC+04:00)


"Rusiyanı yaxın iki ildə ciddi problemlər gözləyir. Xüsusən də Suriyadan başlamış proseslər zəncirvarı olaraq partlayışlarla müşahidə olunacaq". Bu sözləri "Reqnum" Nəşriyyat Evinin rəhbəri Modest Kolerov deyib.

O qeyd edib ki, Rusiyanın apardığı xarici siyasət yaxın gələcəkdə gələcək nəsillər üçün utancverici nəticələri ilə yadda qalacaq. Kolerovun sözlərinə görə, Rusiya diqqətini hansısa musiqi qrupuna deyil, Suriya, Yaxın Şərq və əfqan ssenarisinin yayılması, ÜST-yə üzvlük məsələsinə və Avropa Birliyi kimi iqtisadi partniyorunu itirməsinə ayırmalıdır. "Bütün bu yanlışlıqlar isə qarşıdakı iki ildə Moskva üçün ciddi problemlər yaradacaq".

Nəşriyyat Evinin rəhbəri bildirib ki, hal hazırda Soçi Olimpiadasını terror müharibəsi təhlükəsi gözləyir. "Əgər mən yazıçı olsaydım, deyərdim ki, bizi üç "K" partlayışı gözləyir. Bunlar Kürdistan, Qarabağ və Kazandırlar. Bunlarla yanaşı, Soçi Olimpiadası ətrafında cərəyan edən proseslər isə daha faciəvi ola bilər. Burada həm terror, həm də diplomatik müharibənin işartıları görünür. Hal-hazırda Qafqazda Rusiyanın gördüyü işlər gizli, terrorçuluq və iri katastrof şəkilində aparılır. Elə bu da bizi hadisələrin quyruğunda getməyimizi şərtləndirib".
Qeyd edək ki, Rusiyanın Qafqazda həyata keçirdiyi siyasət həqiqətən də gizli şəkildə olsa da, böyük katastroflarla müşahidə olunur. 2003-cü ildən sonra Gürcüstanı itirən Moskva bütün diqqətini Ermənistana ayıraraq, özünün for-postunun əldən çıxmamasına çalışır. Hərbi bazasını gücləndirən Rusiya İrəvana hətta 1 milyard dollar kredit verməyə də hazırlaşır.

Azərbaycanla münasibətlərinə gəldikdə isə durum bir qədər fərqlidir. Məsələ belədir ki, rəsmi Bakı Qəbələ RLS-i məsələsində Kremlə anlaşmır. Bu hərbi bazanın müqabilində 300 milyon dollar icarə haqqı istəyən Azərbaycan əslində, Moskvanı əliboş yola salmaq fikrindədir. Digər tərəfdən, Rusiya ilə qaz anlaşmasına sadiq qalan Azərbaycan tərəfi, buna paralel olaraq Avropa və Türkiyəyə də iri həcmidə "mavi yanacaq" satmaqdan çəkinmir. Hərçənd Rusiya Azərbaycanın əldən çıxmasında maraqlı deyil. Çünki ölkəmizin Kremlin təsir dairəsindən çıxması Qərbin bölgəyə yerləşməsi, ardından isə Şimali Qafqazın itirilməsi anlamını daşıyır.
Kolerovun açıqladığı 3 "K" məsələsi isə tam reallıqdır. İlk olaraq "Kürdistan" məsələsindən başlayaq. Hələ bir müddət əvvəl Misirdə nəşr olunan hökumətyönlü "Əl Əhram" qəzeti sözün həqiqi mənasında şok açıqlama ilə çıxış etmişdi. Qəzetin yazdığına görə, ABŞ-ın maliyyələşdirdiyi fondlardan birinin ofisində həyata keçirilən axtarış zamanı, polisin əlinə Qərbin bölgəni necə parçalayacağına dair xəritə keçib.

Həmin məlumatda vurğulanır ki, bu xəritəni Pentaqonun sifarişi ilə məşhur tarixçi, Priston Universitetinin professoru Bernard Luis hazırlayıb. Planın adı isə "Legitim İslam dünyasını ölkələrə parçalamaq" adlanır. Orada birinci vacib məsələ Böyük Kürdistan dövlətinin yaradılması göstərilib. "Böyük Kürdistanın tərkibinə təkcə Şimali İraqdakı Kürdistan Muxtariyyəti deyil, Mosul, Kərkük, Türkiyə, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də daxil edilir. Onu da xatırladaq ki, artıq Qərb mətbuatı İraqdan Azərbaycana kürdlərin hissə-hissə köçürüldüyünə dair xırda-xırda məlumatlar yayırlar".
İkincisi, İranla bağlı layihədən ibarətdir. Qəzetin iddiasına görə, bu ölkənin ərazilərinin bir qismi hesabına "Bütöv Azərbaycan" yaradılacaq. "Onun tərkibinə isə təkcə İrandakı Qərbi Azərbaycan deyil, habelə Əfqanıstan sərhədlərinə qədər uzanan torpaqlar veriləcək. Lakin Dağlıq Qarabağ müstəqil erməni dövlət olaraq qalacaq".

"Əl Əhram"ın yazdıqlarından bir müddət sonra sadalanan bütün məsələlər təsdiqini tapmağa başlayıb. Məsələn, Qərbin yeni "Kürdistan" dövləti yaratmaq üçün addımlar atdığı xəbərləri xeyli yayğınlaşıb. Bütöv Azərbaycan məsələsi isə artıq Klinton səviyyəsində müzakirə olunmaqdadır. Və bütün bunların boş bir şey olduğu heç də inandırıcı deyil. Həm də bütün bunlar o deməkdir ki, Rusiya İran, Azərbaycan və Orta Asiya ilə yanaşı, Yaxın Şərqi də itirmək məcburiyyəti ilə üz-üzə qalıb.

Rusiyanın Kazan şəhərində cərəyan edən proseslər isə birmənalı olaraq Tatarıstanın ayrılması üçün atılmış addımdır. Belə ki, bu respublikada fəaliyyət göstərən millətçi gənclər təşkilatları çox qısa müddətdə ətrafına böyük kütləni cəlb etməyə başlayıb. Hadisələrin gedişatı onu göstərir ki, proseslər bu şəkildə davam edərsə, Tatarıstan məsələsi Rusiyanın başını hələ çox ağrıdacaq. Çünki bu proseslər yeni siyasi hərəkatın meydana çıxması ilə yanaşı, həm də ikinci Çeçenistanın yaranmasına səbəb olacaq həddədir.

Qarabağ məsələsinə gəldikdə isə burada da durum dramatikdir. Hər gün cəbhə xəttində hərbi toqquşmalar baş verir və hər iki tərəfdən hərbçi itkiləri qeydə alınır. Cəbhə xəttində vəziyyətin bu şəkildə gərginləşməsinin müharibəyə gətirib çıxaracağı isə şübhəsizdir. Bunu Azərbaycan tərəfi də bəyan edir və bildirir ki, işğal altında olan torpaqları güzəştə getmək fikrində deyil. Üstəlik, müharibə ritorikasının davam etməsi və rəsmi Bakının "Lazım gələrsə, hərbi əməliyyatlara başlayacağıq" deməsi bölgədə tarazlıqların dəyişdiyinə dəlalət edir.

Rusiyanın Azərbaycana və Ermənistana Qarabağ vasitəsi ilə təsir etməsi sirr deyil. "Qarabağın açarı Rusiyanın cibindədir" deyimi də bundan irəli gəlir. Lakin son bir ildə Moskvanın Qafqazda mövqelərinin zəifləməsi, Kremlin başının daha çox daxili problemlərə qarışması onu göstərir ki, əvvəlki təsir mexanizmləri işə yaramır.

Ona görə ki, bölgə dövlətləri bundan sonrakı mərhələdə Rusiyanın onlara fayda verə biləcəyinə əmin deyillər. Amma buna paralel olaraq qonşuları ilə də yaxşı münasibət quraraq, onu saxlamağa çalışırlar ki, günlərin birində problemlə üzləşməsinlər. Elə buna görə də, mövqe zəifliyindən yararlanmaq üçün fürsət gözləyən Azərbaycan imkan düşən kimi işğal altındakı torpaqları azad etmək üçün əməliyyatlara start verəcək. Qarabağda hərbi əməliyyatların başlaması isə Ermənistandan daha çox, Rusiyanın başağrısına çevriləcək.
Yekunda bildirək ki, Rusiyanın 3 "K" problemi qonşu ölkənin gələcəyini müəyyənləşdirəcək başlıca amillərdən biridir. Bu üç problemi zamanında həll edə bilməyəcəyi təqdirdə isə Moskva üç əsas şeyi itirməli olacaq: Yaxın Şərqi, ərazi bütövlüyünü və Qafqazı.

Fikrət Fəraməzoğlu
AzNews.az