Əhmədinejat bu dəfə “Qərb”i "sürüyüb yıxdı"

31 Avqust 2012 10:12 (UTC+04:00)
İslam respublikasının prezidenti Mahmud Əhmədinejat Qoşulmama Hərəkatına üzv ölkələrin zirvə toplantısında çıxış edib. AzNews.az-ın mehrnews.com saytına istinadən verdiyi xəbərə görə, İran prezidenti qərb dövlətlərinin ünvanına kəskin tənqidi fikirlər səsləndirərək bildirib ki, dünya sərvətinin böyük hissəsi bir qisim kapitalist dövlətlər arasında bölünüb, qalanları isə aclıq və səfalət içində, yaşamaq uğrunda mübarizə aparırlar.

İran lideri həmçinin qeyd edib ki, bəzi ölkələrin təbii sərvətləri də onların böyük şirkətləri tərəfindən sömürülür. Bundan əlavə Əhmədinejat, dünya silah ticarəti, insan alveri, narkotik qaçaqmalçılığı və terrorçuluq kimi qlobal əhəmiyyətli məsələlərə də toxunub və vurğulayıb ki, bütün bu kimi çirkin əməllər əsasən qərb dövlətləri tərəfindən idarə olunur və dəstəklənir.

BMT-ni də tənqid etməkdən çəkinməyən İran lideri ABŞ-ı nəzərdə tutaraq bildirib ki, bu təşkilat tək bir dövlətin iradəsinə xidmət edir. Ona görə də BMT yalnız ABŞ maraqlarına və iradəsinə uyğun məsələlərə münasibət bildirməklə məşğuldur.

Sadiq
AzNews.az