Anar Niftəliyev: “Ümidi itirməyə dəyməz”

18 Aprel 2014 14:43 (UTC+04:00)
Jurnalist Anar Niftəliyev Bakıda tibbi əməliyyata hazırlıq zamanı ölmüş həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı ilə bağlı cinayət işinə paytaxt prokurorluğunda ədalətli şəkildə baxılacağına ümid edir.

Aprelin 18-də "Media forum" saytına danışan jurnalist əsas istəklərinin ədalətli istintaqın aparılması və tam şəffaf şəkildə, heç bir nüans qalmadan cinayətin açılması olduğunu deyib: "Nəsimi Rayon Prokurorluğunda işin istintaqını aparan müstəntiq Ələkbər Rzayev verdiyimiz vəsatətləri təmin etmədi. Vəsatətlərin rədd edilməsi ilə bağlı verdiyi qərarda isə çox gülünc arqumentlər gətirmişdi. Belə ki, bizim istintaqdan araşdırılmasını istədiyimiz məqamların cavabı kimi həkimlərin ifadələrini əsas götürmüşdü.

Həmçinin sənəd saxtakarlığı, həkimlərin istintaqa və mediaya verdikləri açıqlamalardakı ziddiyyətlər araşdırılmadı, əməliyyatın tamah məqsədi ilə keçirilməsi və dələduzluq əlamətlərinin olduğunu göstərən faktlarla bağlı da istintaq hərəkəti olmadı. Bu səbəbdən aprelin 10-da baş prokurora müraciət etdik və iş Nəsimi Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verildi. Hazırda işin istintaqı paytaxt prokurorluğunun müstəntiqi Vaqif Süleymanova verilib. İstəyirik ki, Vaqif Süleymanov məsələ ilə bağlı qaldırdığımız 5 vəsatətə ədalətli şəkildə baxıb qərar versin.

Prezidentin və baş prokurorun nəzarətində olan bir işin istintaqını Nəsimi Rayon Prokurorluğunda bu qaydada aparırdılarsa və müstəntiq heç kəsi vecinə almadan həkimlərin vəkili rolunda çıxış edirdisə, mən istintaqın obyektivliyinə necə inana bilərdim? Amma ədalət naminə deyim ki, aprelin 10-da cənab baş prokuror Zakir Qaralova müraciət edəndən cəmi bir saat sonra iş materialları Bakı Şəhər Prokurorluğuna verildi. Bu, baş prokurorun məsələyə həssas və son dərəcə operativ yanaşmasıdır. Baş Prokurorluq bu iradəni ortaya qoyursa, o zaman ümidi itirməyə dəyməz".

1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Ekspertiza müəyyən edib ki, düzgün anesteziya əməliyyatı aparılmayıb, xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından ölüb. Sentyabrın 25-də faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az