Komissiyanın sədri: “Heç kimə güzəşt yoxdur”

18 Aprel 2014 19:31 (UTC+04:00)
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakının "Sovetski" məhəlləsinin köçürülməsi üzrə komissiyanın sədri Səməd İslamov "Media forum" saytına danışıb.

Səməd İslamov bildirib ki, "Sovetski" məhəlləsindən köçmək üçün müraciət edənlərin sayı artır: "Hər həftə 250 nəfərə yaxın sakini qəbul edirik. Heç kimin qapısına gedilmir, vətəndaşlar özləri ərizə ilə icra hakimiyyətinə, mənzil-istismar sahələrinə rəsmi müraciət edirlər. Ərizədə deyilir ki, mən təklif olunan qiymətlə razıyam və xahiş edirəm müraciətimi təmin edəsiniz".

Müavinin dediyinə görə, qiymət hökumətin təklif etdiyi kimi qalır: "Heç kimə güzəşt yoxdur. Qiymət dövlət bəyan elədiyi kimi kvadratmetr üçün 1500 manatdır. Sənədli və sənədsiz bütün ərazilər nəzərə alınır. Bu günə qədər 2860 ünvanda daşınmaz əmlakın ölçülməsi və inventarlaşdırılması işi başa çatdırılıb, 618 nəfərin müraciəti əsasında razılıq protokolu imzalanıb, 280-ə yaxın ev sahibinin pul vəsaiti bank hesabına köçürülüb".

AzNews.az