Rusiyada Topçubaşovun büstünün qoyulmasının tarixi əhəmiyyəti – Alimlər danışır

21 Aprel 2014 12:35 (UTC+04:00)
"Rusiya xalqı Rusiyanın inkişafını istəyirsə, Topçubaşov kimi şəxsiyyətləri unutmamalıdır"

Xəbər verdiyimiz kimi Rusiyanın Sankt-Peterburq şəhərində, bu ölkənin Dövlət Dumasının keçmiş binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri və ikinci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.

AzNews.az bununla bağlı Azərbaycanın tarixçi alimlərinin fikirlərini öyrənib. Tarixçi alim, professor Cəmil Həsənli bildirib ki, Topçubaşovun büstünün məhz bu ölkədə qoyulması təqdirəlayiqdir. "O, Rusiya Dövlət Dumasında müsəlman fraksiyasına rəhbərlik edib, müsəlmanların təşkilatlanmasında, Duma fraksiyasının yaranmasında böyük rolu olub" - deyən professor qeyd edib ki, Topçubaşov həyatının böyük hissəsini məhz Sankt -Peterburq şəhərinə həsr edib: "O həmçinin ikinci, üçüncü dumalarda müsəlman fraksiyasında katib işlədi. Onun həyatını böyük bir hissəsi Sankt-Peterburqla bağlıdır. Tələbəlik illəri orda keçib. 1905-11-ci illərdə isə Rusiya Dövlət Dumasında müxtəlif vəzifələrdə işləyib. Bu tamamilə onun qanuni haqqıdır və hesab edirəm ki, bu büstün qoyulması çox əhəmiyyətlidir. Rusiya parlamentarizm tarixində Əlimərdan bəy Topçubaşovun xidmətləri böyükdür".

Tarix elmləri izrə fəlsəfə doktoru Nəsiman Yaqublu isə hesab edir ki, Azərbaycandan olan bir diplomatın istənilən xarici ölkədə adının əbədiləşdirilməsi önəmli və əhəmiyyətlidir. N.Yaqubluya görə, Topçubaşovun Rusiya cəmiyyətinin daxilən inkişaf etməsində, maaraiflənməsində, siyasi institutlarının genişlənməsində, Rusiyanın hüquqi dövlətə çevrilməsində, ölkə daxilində demokiratikləşmə prosesinin getməsində böyük xidmətləri olub: "Rusiyada o dövrün aparıcı partiyalarından olan "Kadet" partiyasının üzvülərindən olub. Bu partiyanın da əsas proqramı Rusiyada konstitusiyalı dövlətin qurulması idi. Topçubaşov da bu partiyanın üzvü olduğuna görə, həmin proqrama uyğun da fəaliyyət göstərib. Bu gün rus xalqı Rusiyanın inkişafını istəyirsə, bu cür şəxsiyyətləri unutmamalıdır". Topçubaşovun Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının aparıcı şəxslərindən olduğunu xatırladan tarixçi alim hesab edir ki, onun bu ölkənin qanunverici orqanının inkişafında da böyük rolu olub: "Topçubaşovun eyni zamanda Rusiyada yaşayan müsəlmanların fəaliyyətində, onların hüquqlarının qorunmasında böyük xidməti olub. Ən azı 1905-ci ildə Nijniy Novqorod şəhərində Rusiya müsəlmanlarının birinci qurultayının təşkili və keçirilməsinin əsas təşkilatçılarından olub. O rus dilində 1897-1907-ci illərdə rus dilində çıxan "Kaspi" qəzetinin baş redaktoru olub və bu qəzeti ümumrusiya qəzetinə çevirməyi bacarıb. Topçubaşov Sankt-Peterburq universitetinin hüquq fakültəsini əla qiymətlərə bitirib. Hətta onun diplom işinə namizədlik dissertasiyası statusu verərək, universitetdə saxlamaq istəyiblər. Sadəcə o dövrdə Çar Rusiyasının qanunlarına görə, müsəlman olan şəxsləri universitetdə müəllim saxlamırdılar. Bütün bunları nəzərə alıb, demək olar ki, Əlimərdan bəyin Rusiyanın hüquq sisteminin güclənməsində də müstəsna xidməti olub. Ona görə də Topçubaşovun bu ölkədə büstünü qoyulmağını alqışlayır və müsbət hal hesab edirəm".

Qeyd edək ki, MDB Parlamentlərarası Asambleyasının 17-18-də keçiriləcək iclasında iştirak edən Azərbaycanın millət vəkillərinin iştirakı ilə Çar Rusiyasında ilk Azərbaycanlı deputat Əlimərdan bəy Topcubaşovun büstünün açılışı olub.

İntiqam Valehoğlu
AzNews.az