AFFA yenə cəzalandırdı

22 Aprel 2014 11:57 (UTC+04:00)
AFFA İntizam Komitəsi 31-ci turdan sonra klubları cəzalandırıb.

pfl.az saytı xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

"Simurq" – "Qarabağ" matçının 35-ci dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXXI turunun "Bakı" – "İnter" matçının 72-ci dəqiqəsində ev sahibi klubunun futbolçusu Araujo Santos Oelilton ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalanır, klub 10000 manat cərimə olunub.

"Neftçi" – "Sumqayıt" oyunun 90+2-ci dəqiqəsində "Neftçi" klubunun futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə dəyərində cərimə ödəyəcək.

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun "Neftçi" – "Sumqayıt" matçında iştirak edib. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam edib. Bu səbəbdən də, "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

AzNews.az