Vaqif Əsədov televiziyalardan gileyləndi

22 Aprel 2014 15:35 (UTC+04:00)
"Yol polisi olaraq, KİV nümayəndələrinin iştirakı olmadan təbliğat aparıb heç nəyə nail ola bilmərəm".

Bu fikirləri Aktual.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O, televiziyaların yol hərəkəti təhlükəsizliyinə yer ayırmamasından narahatdır:

"Təəssüflər olsun ki, ölkədə fəaliyyət göstərən teeviziyaların əksəriyyəti efirlərində ancaq yersiz şoulara, sms yarışmalarına yer ayırır.Yol hərəkəti təhlükəsizliyinin təbliğatı ilə bağlı, demək olar ki, qısa da olsa xəbər vermir. Hansı ki, bu təbliğat televiziyalarda hər gün ictimaiyyətə çatdırılmalıdır".

Şöbə rəisinin sözlərinə görə, paytaxtda dayanacaqlar inşa olunsa da, sürücülər yenə qayda pozuntularına yol verirlər:

"2-3 il bundan əvvəl sürücülərə inzibati protokollar az yazılırdı, güzəşt olunurdu. Çünki avtomobil dayanacaqları yox idi, sürücüləri başa düşürdük. Artıq paytaxtda avtomobillər üçün yüksək standartlara cavab verən dayanacaqlar inşa olunub. Lakin sürücülər yenə də yol kənarlarında, qadağan olunmuş ərazilərdə avtomobili saxlayırlar ki, bu da müəyyən problemlər yaradır. Mental xüsusiyyətlərimizlə bağlı nöqsanlarımız var və bunları aradan qaldırmalıyq. Yol hərəkəti təhlükəsizliyi qanunla tənzimlənir. Sürücülərdən də tələb olunur ki, qanunlara riayət etsinlər".

V. Əsədov son zamanlar paytaxtda tıxacların intensivləşməsi məsələsinə də aydınlıq gətirib:

"Vətəndaşların durmaq, dayanmaq nişanının tələblərini pozması, yollarda aparılan təmir - tikinti işləri ilə əlaqədar olaraq, son günlər paytaxt Bakıda avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Belə olan halda vətəndaşlara alternativ yollardan istifadə etmək tövsiyə olunsa da, buna əməl olunmur. Sürücülər yanacağa və vaxta qənaət etmək üçün əsas güc düşən prospektlərdən istifadə edirlər ki, bu da tıxacların yaranmasına səbəb olur. Nəticədə, əziyyət çəkən elə sürücülərin özləridir. Biz yol polisi olaraq, üzərimizə düşən vəzifəni yerinə yetiririk. Ancaq sürücülər də məsuliyyəti dərk etməlidirlər".

AzNews.az