Ruslan Abışovun “Rubin”də sıxışdırılmasının ŞOK səbəbləri

23 Aprel 2014 11:18 (UTC+04:00)
Qurban Berdiyevin "Rubin"in baş məşqçisi postundan qovulmasından sonra millimizin Kazan təmsilçisində çıxış edən üzvü Ruslan Abışovun da işləri qaydasında getmir. Belə ki, Bilyaletdinov "Rubin"ə baş məşqçi təyin olunandan bəri Abışov demək olar ki, komandanın heyətinə düşə bilmir. Yerli mətbuat isə milli üzvünün yenidən vətənə qayıdacağını yazır.

Əslində nə baş verir? Doğrudanmı Abışov "Rubin"dən ayrılacaq?
AzNews.az saytı bu və digər suallara aydınlıq gətirmək üçün futbolçunun qardaşı və şəxsi agenti Sərvan Abışovla əlaqə saxlayıb. S.Abışov bildirib ki, may ayının 10-na qədər Ruslanın karyerasını harda davam etdirəcəyinə aydınlıq gətiriləcək. Söhbət əsnasında S.Abışov "Rubin"in hazırki durumu ilə bağlı şok detalların üstünü açıb: "Orda tamam başqa söhblətlər var. Baş məşqçi Bilyaletdinov Ruslanın oyunundan çox razıdır. Yəni onun heyətə düşməməyinin səbəbi tamam başqadır. Təsəvvür edin ki, Fransa millisinin oyunçusu, dünya çempionatına gedəcək futbolçu "Rubin"də heyətə salınmır. Bunlar hamısı keçmiş baş məşqçi Qurban Berdiyevlə hazırki rəhbərlik arasında olan problemlərin nəticəsidir. Yəni onun şəxsi təşəbbüsü ilə komandaya cəlb olunan oyunçular sıxışdırılır. Qısaca desək, ortada prinsip söhbəti var".

S.Abışov bildirib ki, hazırda Ruslana Rusiya klublarından da təkliflər var. Həmçinin yerli komandalarımız da ona ideal şərtlərlə müqavilə təklif ediblər: "Amma hələ ki, düşünürük. Özü xaricdə oynamaq istəyir ki, futbolçu kimi daha da inkişaf etsin. O ki, qaldı mətbuatda "Rubin"in Ruslana 400 min avro qiymət qoymasına, bunlar yalan söhbətlərdir".

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin əvvəlindən "Rubin"də çıxış edir.

İntiqam Valehoğlu
AzNews.az