Merkel Putini hədələdi- Telefon danışığı

25 Aprel 2014 16:00 (UTC+04:00)

Almaniyanın federal kansleri Anqela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. AzNews.az-ın məlumatına görə, Federal kanslerin mətbuat katibliyindən bildirilib ki, telefon söhbətində A. Merkel Ukraynanın cənub-şərq vilayətlərində rusiyameyilli seperatçıların tərksilah olunmasının vacibliyini V. Putinin diqqətinə çatdırıb.

A.Merkel Putinə xatırladıb ki, Rusiya "Cenevrə razılaşması"nı pozmaqla problemin həllini çətinləşdirir. Kansler danışıqların növbəti mərhələsinin başlanması üçün Almaniyanın vasitəçilik etməyə hazır olduğunu da qeyd edib. Telefon söhbəti ilə bağlı Rusiya prezidenti V. Putinin mətbuat xidməti də məlumat yayıb.Kremilin mətbuat katibliyindən verilən məlumata görə, telefon danışığı zamanı V. Putin rəsmi Kiyevin Ukraynanın cənub-şərq vilayətlərində həyata keçirdiyi əməliyyatları kəskin şəkildə tənqid edib. Telefon söhbətində ATƏT-in monitorinq missiyasının fəaliyyətinin genişləndirilməsi də müzakirə olunub.

Məlumatda o da qeyd olunub ki, Ukraynada baş verənlərlə bağlı ABŞ prezidenti Barak Obama, Anqela Merkel və Avropa ölkələrinin rəhbərləri arasında telefon konfransının keçirilməsi nəzərdə tutulub.

Aydan Axundova
AzNews.az