“İnsan alverinə qarşı mübarizə” tədbiri- Foto

25 Aprel 2014 15:52 (UTC+04:00)
Bakı Dövlət Neft-Energetika Kollecində "İnsan alverinə qarşı mübarizə" adlı maarifləndirmə tədbiri keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirin məqsədi yeniyetmə və gəncləri "İnsan alveri" mövzusunda maarifləndirmək və məlumatlılığını artırmaqdır. Tədbirdə Kollecin tələbələri, müəllim heyyəti, rəhbərliyi, İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşı polis baş leytinanti Pərvanə Əzizova, İnsan alverinə qarşı QHT Koalisiyasının sədri, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, İnsan Alverinə qarşı mübarizə Koalisiyasının idarə heyətinin üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov, Təhsil Nazirliyinin əməkdaşı Zinyət Abdullayeva iştirak ediblər.

Pərvanə Əzizova tədbirdə İnsan Alveri mövzusunda geniş məruzə ilə çıxış edib. Sonra çıxış edən İnsan alverinə qarşı QHT Koalisiyasının və "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova vurgulaib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. "Qadınlarla yanaşı, kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər. Xarici ölkələrdən yüksək əməkhaqqı ilə iş təklifi aldıqda bunu müxtəlif yollarla araşdırmaq lazımdır. Çünki insan alverçiləri qurbanları bu yolla tora salmağa daha çox üstünlük verirlər".

Daha sonra Birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından danışıb. Digər çıxışçı Anar Xəlilov isə gənclərə sosial şəbəkələrdə fəaliyyət göstərən cinayətkar dəstələrin üzvləri haqqında məlumat verərək diqqətli və ehtiyatlı olmalarını tövsiyyə edib. Həmçinin, Azərbaycan milli mənəvi dəyərlərinin də movcud qanunlarımızla yanaşı insan alverinə qarşı mübarizədə güclü vasitə olmasını nəzərə çatdırıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

AzNews.az