Şahin Sultanovun həbsinə reaksiya: “Kimsə vəsaitlərə barmaq uzadırsa,...“

26 Aprel 2014 09:51 (UTC+04:00)
"Azərbaycan Ordusunda korrupsiya hallarına qarşı daha ciddi tədbirlər görüləcək. Dövlətimiz tərəfindən bu problemin qarşısının alınması üçün kifayət qədər güclü və barışmaz addımlar atılır".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun həbsinə münasibət bildirərkən deyib. O, bildirib ki, hərbi sistemdə hər hansı korrupsiya faktının baş verməsi milli maraqlara daha böyük zərbə vurur və bu, Azərbaycanı xarici təhlükələr qarşısında zəif salır: "Hərbi Dəniz Qüvvələri bu illər ərzində müəyyən formalaşma mərhələsi keçib. Dövlət tərəfindən isə bu sahəyə külli miqdarda vəsait yönəldilib. Lakin faktlar sübut edir ki, bu ayrılmalar bir sıra hallarda təyinatı üzrə çatdırılmayıb".

Z. Oruc əlavə edib ki, dövlətin hərbi sahəyə yönəltdiyi 4 milyard vəsaitin müəyyən bir hissəsi silah, texnika və digər hərbi ləvazimatlarının əldə olunmasına sərf olunur: "Bu vəsitlərin 26-30 faizə qədəri əmək haqlarına, sosial ödəmələrə hərbi sistemdə çalışan zabit və əsgərlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Əgər kimsə bu vəsaitlərə barmaq uzadırsa, pulu öz mənafeyi üçün istifadə etməyə çalışırsa bu yaxşı sayıla bilməz. Əlbəttə burada mən məhkəmə rolunda çıxış etmirəm və hakim də deyiləm. Günahsızlıq prizumsiyasından da çıxış edib bir kimsəni konkret olaraq ittiham etmək fikrindən uzağam. Lakin birmənalı olaraq bilinməlidir ki, hərbi sistemdə korrupsiya faktları olmamalıdır".

Komitə üzvü yeni müdafiə naziri Zakir Həsənovun orduda korrupsiya faktlarının qarşısını almaq, Silahlı Qüvvələrin müasir ordu tələblərinə uyğunlaşdırma işini də təqdir edib.

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin əmri ilə tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-nın komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Bir neçə gün əvvəl isə keçmiş komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Amid Əyyuboğlu
AzNews.az