Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb

28 Aprel 2014 08:13 (UTC+04:00)
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində iki gün davam edəcək II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb.

APA-nın məlumatına görə, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edir.

Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da var.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.

Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.

AzNews.az