İlham Əliyev: “Taleyimiz öz əlimizdədir“

28 Aprel 2014 08:43 (UTC+04:00)
"Keçmiş dövlət və hökumət başçılarının Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılması bu tədbirin əhəmiyyətini göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu da artıq nüfuzlu qurumlara çevrilib. Nizami Gəncəvi müdrikliyin rəmzi olub".

APA-nın məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Forumda mühüm bəyanatlar veriləcək, görülmüş və görüləcək işlər haqqında danışılacaq.

Prezident bildirib ki, Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: "Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq".

Dövlət başçısı Azərbaycanın əsrin əvvəllərində 2 il müstəqil olduğunu, sonra bolşeviklər tərəfindən işğal edildiyini diqqətə çatdırıb: "Azərbaycan işğal olunub, digər bir ölkənin tərkib hissəsinə çevrilib. İndi isə taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhrana baxmayaraq, müstəqilliyimiz qorunub, inkişafa nail olmuşuq. Bu gün dövlətçiliyimizin möhkəm əsasları var, iqtisadi və siyasi islahatlar aparmışıq, azadlıqları təmin etmişik. Toplaşma azadlığı, media azadlığı artıq həyatımızın bir hissəsidir. İqtisadi əsaslarımız olmasaydı, bunlar olmazdı. İqtisadi və siyasi islahatlar paralel aparılmalıdır. Elə ölkələr var ki, 20 il əvvəl bizim üzləşdiyimiz çətinliklərlə üzləşir. Biz həmin ölkələr üçün nümunə ola bilərik".

Prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əbədi olması üçün iqtisadi qüdrətimiz artmalıdır: "Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. 2 minə yaxın məktəb tikilib. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq".

AzNews.az