Rusiyaya qarşı növbəti sanksiyalar

28 Aprel 2014 12:48 (UTC+04:00)
Bu gün ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarını elan edəcək. AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu sanksiyalar ilk növbədə ölkənin müdafiə sənaye kompleksinə qarşı istiqamətlənəcək.

BBC yazır ki, sanksiyaların tətbiq olunacağı istiqamətlər sırasında "Rosneft" və "Qazprom" şirkətləri də yer alacaq. Avropa İttifaqından fərqli olaraq ABŞ Rusiya iqtisadiyyatının bütün sahələrinə qarşı sanksiya tətbiq edə bilər. Mətbuat orqanının "Ağ Ev"dəki mənbəsi bildirib ki, prezident Barak Obamanın bir çox müşavirləri də məhz bu yanaşmanı təkid edirlər.

İstisna edilmir ki, Avropa İttifaqı Rusiya hökumətində təmsil olunan 15 nəfərə qarşı xüsusi sanksiya tətbiq etməyi planlaşdırır. ABŞ-ın sanksiyalar siyahısında Rusiya prezidenti Vladimir Putinin yaxın əhatəsindən olan insanların adları yer ala bilər.

Xatırladaq ki, Rusiyaya qarşı ilk sanksiyalar Ukraynanın Krım Muxtar Respublikasının işğalından sonra başlayıb.

Aydan
AzNews.az