“Yaxın zamanda siyasi fəallıq üçün effektiv addım atılacaq” – Müsahibə

28 Aprel 2014 13:10 (UTC+04:00)
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a müsahibə verib.

O, müsahibəsində Müsavatın keçirilməsi nəzərdə tutulan növbəti qurultayına hazırlıq, müxalifət düşərgəsindəki mövcud durum və partiyanın bu proseslərdə tutduğu mövqeyə aydınlıq gətirib.

-Müsavat Partiyası qurultaya hazırlıq işləri necə gedir?

-Sabah İqtisad Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığımız iddia ərizəsinə baxılacaq. Çünki Bakı Şəhər İcra Hakimiyyəti qurultaya yer ayrılması ilə bağlı sonuncu müraciətimizə ümumiyyətlə, cavab verməyib. Bu məsələnin məhkəmədə nə cür həll olunacağını gözləyirik. İstənilən halda qurultayın baş tutmasını istəyirik. Hakimiyyət faktiki olaraq, bizə yer ayırmamaqla qurultayın keçirilməsinə mane olur. Çünki Müsavat Partiyasının qurultayları Azərbaycan siyasi tarixində daim mühüm hadisəyə çevrilir. Əgər qurultayın keçirilməsi üçün yer ayrılacaqsa, qurultayın keçiriləcəyi tarix dəqiqliklə bəlli olacaq. Bundan sonra qurultaya dəvət ediləcək qonaqlarla bağlı məlumat veriləcək.

- Qurultaya dəvət edilən qonaqların müəyyənləşdirilməsi prosesi yekunlaşıbmı? Burada söhbət xarici qonaqlardan gedir...

- Qurultaya dəvət ediləcək bəzi qonaqlar artıq bəllidir. Gürcüstan, Ukrayna, Türkiyə, ABŞ, Polşa və digər dost ölkələrdən qonaqlar dəvət etmək fikrindəyik. Əlbəttə ki, dəvət edəcəyimiz şəxslər müttəfiq təşkilatları təmsil edəcəklər.

- Müsavat Partiyası qurultayı keçirməkdə bu dəfə daha israrlı görünür. Necə düşünürsünüz, qurultay üçün yer ayrılmasında güzəşt olacaqmı? Əgər hakimiyyət güzəştə getməzsə, hansı addımların atılmasını nəzərdə tutursunuz?

- Əslində biz qurultayın keçirilməsində əvvəlcədən israrlı olmuşuq və qurultayın zamanında keçirilməsini istəyirdik. Sadəcə, partiyada qurultayın 2013-cü il prezident seçkilərindən sonra keçirilməsini məqsədəuyğun sayan adamlar vardı. Partiya rəhbərliyinə daxil olan bəzi şəxslər bu cür düşünürdü. Ancaq seçkilərdən sonra qurultayın keçirilməsi bir az ertələndi. Qeyd edim ki, Müsavat Partiyasının öz qurultayını guya bilərəkədən ləngitməsi ilə bağlı deyilən fikirlərin də heç bir əsası yoxdur. Çünki Müsavat Partiyasının öz nizamnaməsinə uyğun fəaliyyət göstərməsinə hökumət maneçilik törədir. İqtidar partiyanın qurultayının keçirilməsinə şərait yaratmamaqla, bunu edir. O ki, qaldı "fors-major" vəziyyətə, təbii ki, biz qurultayın yaxın vaxtlarda keçirlməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirməyə çalışacağıq. İlk olaraq, İqtisad Məhkəməsinin bununla bağlı qərarını gözləyəcəyik. Əgər bir nəticə olmazsa, çox güman ki, digər addımların atılması barədə müzakirələr haqqında düşünəcəyik.

- Prezident seçkidən sonra siyasi sferada ətalət hökm sürür. Bunu Azərbaycanda siyasi partiyaların enerjisinin tükənməsi kimi xarakterizə etmək olarmı?

- Ümumiyyətlə, bütün dünyada seçki kampaniyaları dövrü xüsusi fəallıqla müşayiət olunur. Seçkilərdən dərhal sonra müəyyən siyasi süstlük yaranır. Azərbaycanda isə fərqli bir situasiya mövcuddur. İlk növbədə deyim ki, bizdə normal siyasi seçki sistemi yoxdur.

Hakimiyyət Azərbaycan müxalifətini, yəni iqtidardan kənar qüvvələri siyasi sisteminin tərkib hissəsi hesab etmir. Buna görə də normal siyasi rəqabət şəraiti yoxdur. Hazırda siyasi partiyaların fəaliyyət göstərməsinə ciddi maneə törədilir. Siyasi partiyalar, təşkilatların bir çoxu daha çox siyasi məhbusların azadlığa çıxması, onların istəklərinin təşkil edilməsi və s. kimi işlərlə məşğul olurlar. Fundamental siyasi hüquqlar yerinə yetirilmir.

- Müsavat Partiyası seçkidən dərhal sonra müxalifət düşərgəsində yeni əməkdaşlıq formatı ətrafında danışıqlara başladı. Hazırda bu proses hansı mərhələdədir?

- Əlbəttə, müəyyən müzakirələr gedir. Təbii ki, biz ölkədə siyasi fəallığın artırılmasına çalışırıq. Çünki ölkədə baş verən siyasi süstlük yalnız partiyalara, təşkilatların rəhbərliyinə daxil olan və üzvlərə deyil, bütövlükdə cəmiyyətə ciddi zərbə vurur. Azərbaycan cəmiyyətinin müqavimət gücünü azaldır və ona görə, biz siyasi fəallığın artırılması yollarını axtarırıq. Düşünürəm ki, bununla bağlı yaxın zamanlarda müəyyən nəticələr əldə olunacaq.

- Bununla bağlı konkret müzakirələr aparılıbmi və yaxud da hansısa nəticələr artıq varmı?

- Bəli. Müəyyən müzakirələr gedir. Çox yəqin ki, yaxın zamanlarda ölkədə siyasi fəallığa nail olmaq üçün effektiv tədbirlərinin həyata keçiriləcəyi gözlənilir.

- Bu qurum blok formatında olacaq, yoxsa ittifaq?

- Siyasi fəallığın artırılması üçün hansısa blokların yaranması vacib deyil. Yeri gəldikdə hər hansı bir partiya da, hətta qrup da siyasi fəallığa təkan verən addım ata bilər. Biz müzakirələri davam etdiririk. Siyasi qüvvələrin bu prosesə qoşulmasında maraqlıyıq. Hazırda bu istiqamətdə həm partiya daxilində, həm də müttəfiqlərlə müzakirələr aparırıq.

- Bu müzakirələrdə və nəzərdə tutulan təsisatda Milli Şuradan iştirak edən varmı?

- Bu barədə ətraflı məlumatım yoxdur. Yəni mənim Milli Şuraya daxil olan partiyalarla - nə AXCP, nə də KXCP ilə siyasi fəaliyyət prespektivləri ilə bağlı heç bir müzakirələrim olmayıb.

Bahar Rüstəmli
AzNews.az