Leyla Yunusun dindirilməsi başa çatdı- FOTO

29 Aprel 2014 14:17 (UTC+04:00)
Hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi başa çatıb.

APA-nın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunus bir neçə dəqiqə əvvəl vəkili Xalid Bağırovla birgə idarəni tərk edib.

Jurnalistlərin suallarını cavablandıran Leyla Yunus nədə ittiham olunduğunu bilmədiyini deyib: "Mənə əsasən bir müddət əvvəl tutulan jurnalist Rauf Mirqədirovla bağlı suallar ünvanladılar. Onunla əlaqələrimə aydınlıq gətirməyimi istədilər. Mən də həmin suallara cavabımda Rauf Mirqədirovu yaxşı jurnalist kimi tanıdığımı və onunla bir neçə tədbirdə iştirak etdiyimi dedim".

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus dünən axşam saatlarında Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.


AzNews.az