Nərimanovda 71395 nəfər müayinədən keçib- Statistika

30 Aprel 2014 11:33 (UTC+04:00)
Fevralın 14-dən start götürən ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası sabah yekunlaşacaq.

AzNews.az xəbər verir ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu kampaniya Nərimanov rayonunda yüksək səviyyədə təşkil olunub. Rayonda tibbi müayinənin həyata keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirib.

Tibbi müayinələr müasir standartlara cavab verən 9 poliklinikada həyata keçirilib. Aksiya başlanan ötən müddət ərzində təkrar tibbi müayinədən keçənlər də olub.

Məlumat üçün bildirək ki, bu gün Nərimanovda yerləşən 4 saylı şəhər poliklinikasında yüzlərlə rayon sakini tibbi müayinədən keçiblər. Poliklinikanın baş həkimi Leyla Əhmədova ərazi üzrə ümumilikdə 13200 nəfərin tibbi müayinədən keçdiyini bildirib: "Onlardan 628 nəfərə ambulator, 120 nəfərə stasionar müalicə təyin edilib".

Qeyd edək ki, kampaniya başlayandan indiyədək Nərimanov rayonu üzrə 71395 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 8744 nəfərə ambulator, 220 nəfərə stasionar müalicə təyin edilib. Tibbi müayinədən keçən vətəndaşlar bu layihə ilə bağlı ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.


Xəyalə
AzNews.az