ADNA terrorunun sifarişçisi hələ tutulmayıb - VİDEO

30 Aprel 2014 19:39 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktından 5 il ötür. Bu gün ADNA adi günlərdən birini yaşayır.

Akademiyaya sanki bir sükut çöküb. Hansı ki, bu sükut terror hadisəsi zamanı ölənlərin xatirəsinə edilən bir dəqiqəlik sükut da ola bilərdi. Sükutu 5 il əvvəl pozan Fərda Qədirov akademiyaya daxil olaraq qarşısına çıxana tapançadan atəş açırdı. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Peşəkar killer sonda silahla özünü vurmuşdu. Hadisəni törədən Gürcüstan vətəndaşı,1980-ci il təvəllüdlü Fərda Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Baş verən kütləvi qətlin sifarişçisinin isə erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın olduğu müəyyənləşib. Onun barəsində İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarış elan olunub.



AzNews.az