Sənsiz səninlə...

1 May 2014 08:00 (UTC+04:00)
ZƏRİFƏ ORXAN


Bu gün mayın 1-dir, Orxan! Sənin və mənim ömrümün ən amansız günü. Varlığımı viran edən, məni məndən alan, isti ocağımı kor qoyan o 1 may günü... Həmin gün qəfil külək əsdi, tufan qopdu, ildırım çaxdı. Gözlər kor oldu, qulaqlar tutuldu, kar oldu. Bütün səadətimə nöqtə qoydu o may səhəri. Gözlərimə qan yaş, dodaqlarıma hüzn, üzümə kədər çökdü o may səhəri. Yandım, oda qalandım həmin gün. Tüstüm ərşə qalxdı, külə döndüm. O gündən bu günə hər gün bu əhvaldayam, Orxan! Hər gün bu təlatümlər yaşanır içimdə, qəlbimdə, şüurumda, ruhumda. Ömrümün son gününədək o gün məni rahat buraxmaz! O günün faciəsi məni yaşamağa qoymaz, Orxan!..

10 il keçir o zalım gündən...

...Yenə məktub yazıram sənə, hara yollayacağımı bilməsəm də. Bunu da sən öyrətmişdin mənə. İkicə günlüyə getdiyin yerdən də məktub yollayardın. Mənimsə yazmaqla heç aram yox idi. Gör bir, necə qələm verdin əlimə...

...Səni məndən həmişəlik ayıracaq ölümü ağlıma da gətirməzdim. Səndən ayrılmağı düşünməkdən qorxar, diksinərdim. Yeganə sevincim, ümidim, təsəllim, sirr yerim, sirdaş yerim sən idin, axı. Səni həyat bilib ömrümə qatmışdım. Səni tale bilib taleyimə yazmışdım...

Biz bir insan idik iki ürəkdə,
Ayrıldıq, bu tale qandırdı bizi.
O hansı nəzərdi, gözdü bilmədim,
Bilmədim... Od vurub yandırdı bizi...

...Sübh tezdən göz açmışdın dünyaya. Günəş kimi doğmuşdun üstümə. Ömrümün ən gözəl səhərini gətirmişdin. Bəxtəvər idim. Həmin gün daşlar da çiçək açmışdı sanki. Ana olmuşdum. Səndən heç bir gözəlliyi əsirgəməmişdi Allahım. Səhərin özü kimi saf idin, pak idin. Ay parçasıydın. Sənə layla çalmaqdan yorulmazdım.

Layla dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan...

...Gəlişinlə dünyaya baxışımı dəyişmişdin. Böyüyür, addım atır, yeriyib-yüyürür, anana naz satırdın. Sonra bağça... orta məktəb... tələbəlik... Uşaqlıq illərin tumurcuq ətirliydi. Yeniyetməliyin qönçəydi. Gəncliyin qızılgül. Nə vaxt açıb, nə vaxt soldular, bilmədim. Sənli günlərimin dadı damağımda, qoxusu burnumda, həsrəti ürəyimdə qaldı. Sən mənim ruhum idin. Elə bil bu ruh idarə edirdi məni. Tək səninlə hər ağrı-acını unudurdum. Tək sənin xətrinə batman-batman dərdin üstündən xətt çəkirdim. Demə, bu, cəmi 29 il 9 ay çəkəcəkmiş. Birgə, bəxtəvər yolçuluğumuz bu qədərmiş. Yolun yarısında tək qoydun məni.

Ayırdılar bizi yetim qaldım mən,
Fərəhimi, sevincimi apardın.
Sənsiz günlərimə tapşırıb məni,
Sənli günlərimi alıb apardın...

Ən sevimli ayın – may apardı səni. Ömrünün çiçəklənən çağıydı. Elə hər şey bura qədərmiş. Burdan beləsi yoxmuş, mənim balam. Hər şeyin üzü dönükmüş, bəxtin, taleyin, qismətin də. Demə, ayrılıq çapa-çapa gəlirmiş. Xəbər-ətər eləmədən. Fəlakət gətirirmiş. Nə bilim, qoşalaşıb qapımızdan içəri girəcəklər? Heç macal tapıb yalvara da bimədim ki, məni aparın onun əvəzinə.

Ey Tanrım, əlimdən alma balamı,
Qəlbimdə bu qədər arzum var hələ.
O, mənim bircəmdi, o mənim təkim,
Doyunca sevinib gülməyib hələ...

Götürün, nəyim var, alın, aparın,
Tək Orxan bəsimdir, Orxan bəsimdir.
Tək ona dəyməyin, ona qıymayın,
O, havam, o, suyum, o, nəfəsimdir...

...Gündə neçə kərə zəngləşərdik... İlk dəfə açmadın telefonu. Demə, ölüm amansız qanadlarını səribmiş üstünə. O qanadları qoparıb atmaqda elə aciz, elə gücsüz idim ki. Göydən də qapqara dərd yağırdı, göz yaşı yağırdı həmin gün. Aman Tanrım, ən əziz adamım köçünü çəkib gedirdi. Elə könülsüz gedirdi ki. Bunu bütün varlığımla duyurdum. O məni belə yandırmazdı, axı. Onu zalımcasına məndən alıb aparırdılar.

Görən, səni məndən alan bu dünya,
Bildimi nə günah işlətdiyini?
Bildimi ananı oğulsuz qoyub,
Bildimi evimi çıraqsız qoyub?
Bildimi dünyamı yarımçıq qoyub,
Bildimi canımı apardığını?..

...Dağdan qopan sal qaya kimi nərə çəkə-çəkə dərənin dibinə yuvarlandım. Fəryad qoparan çay kimi daşdan-daşa çırpılaraq haray çəkdim. Qəfil tufanın, qasırğanın budağından qoparıb atdığı bir yaşıl yarpağın taleyini yaşadım. Dəli külək burdan ora qovdu, ordan bura. Cavabsız sualların əlində qaldım. Sənsiz günlərin alovu sənli günlərin bəxtəvərliyini oda qaladı. Xatirələri yadigar qoyub getdin. Sənsiz sənin xatirələrini neynirəm, mənim balam.

Düşmən oldu bizə bu tale, bu bəxt,
Bu necə yazıymış, bu necə qismət?
Ağlımı başımdan alıbdı həsrət,
Ax... sənli günlərim olaydı, Orxan...

...Bilsən, sənsiz necə fağırlaşmışam. Fikirlərim yarımçıqdır. Beynim, düşüncələrim dumanlıdır. Kələfin ucunu itirmişəm. İşığı sönmüş çıraq kimiyəm. Dayağı uçmuş saray kimiyəm, qanadı qırılmış quş kimiyəm. Ümidlərim heç olub. İndi həyatım qapısı bağlı bir saraydır. Ürəyimdə qutum qalmayıb daha. Nə çiçəklənən baharın, nə parlaq yayın, nə qızılı payızın, nə də bəmbəyaz qışın fərqindəyəm. Bütün gözəlliklər səninlə birgə tərk etdi məni.

...Nərgizgülü çox sevdiyim çiçək idi. Dəstə-dəstə alıb gətirərdin. O da düşüb gözümdən. Acı xatirə, ağrılı yaddaşdan başqa bir şey deyil. İndi mən dünyanın ən gözəl güllərini daşıyıram sənə. Birini də almırsan. Dörd yanın qızılgüldür. Sanki gözəlliyin güllərə dönərək çıxıb yerin üzünə.

Hara getdik, cüt getdik, cüt göründük hər yerdə,
Səninlə yollar keçdik, yenə döndük bir yerdə.
Tuş gəldik ayrılığa, hərəmiz bir tərəfdə...
Bu, nə gediş idi getdin Orxanım...
Yandırdın bağrımı keçdin, Orxanım...

Gözlərimin önündən çəkilməyən anlar var ki, bir ömrə bərabərdir... Amma elə bil bu ömrü heç mən yaşamamışam. Hər gün səni gözləyə-gözləyə dərdimi qələm-kağıza danışıram. Səndən gileylənirəm. Deyirəm, niyə susursan, niyə zəng vurmursan?

Bax, ananın gül bağçası talanmış,
Sənsiz ömür mənasızmış, yalanmış...
Bu dünya da əfsanəymiş, nağılmış...
Sənsizliyə alışmaram heç..
geri dön, Orxan...
geri dön, Orxan...

Qəlbin Allah sevgisiylə doluydu. Hey məscidlərə, pirlərə, ocaqlara gedirdin. "Quran"dan oxuduğum duanı eşitməmiş evdən çıxmazdın. Məşhədə getdin. Məkkəyə getdin. Gecənin bir aləmində Məkkədən zəng vurmuşdun ki: "Hamı yatıb, mənsə yüzüncü rükətdir, namaz qılıram. Allaha yalvarıram ki, Ayxanımı mənə yetirsin..."

Biz eyni insanıydıq elə bil. Eyni musiqiləri sevirdik – bunlar daha çox qəmli nəğmələr idi. Demə, elə bu nəğmələr də bizə ayrılıq gətirirmiş. İndi bilsəydim, birini də dinləməzdim, heç səni də qoymazdım dinləməyə. Nə biləydim!.. Bəlkə, elə o mahnıları sevə-sevə ölümü çağırdıq. Səndən sonra bir nəğməyə də qulaq asmaram...

Mənim üçün ən rahat yer sənin yanındır. Görüşürük, dərdləşirik, heç ayrılmaq istəmirik. Səhərim səni ziyarətlə başlayır, axşamım sənin görüşünlə bitir. Hər gün də sənə gələn yolumu qısaldıram. Evə əliboş qayıdıram. Amma tək bir gecəliyə ayrılırıq. Heç gecə də aramıza sədd çəkə bilmir. Gecə də şəkillərinlə söhbətləşirəm. Əksinə baxıram, elə bil kürəyimi küt bıçaqla doğrayırlar. Üfləyə-üfləyə saxlayıram yarımçıq ömrünün əbədiləşmiş məqamlarını. Vəsiyyət edəcəm, onarı da mənimlə birgə məzara qoysunlar.

Sevmədiyin bir şey vardı: mənim ağlamağım. Deyirdin qoy böyüyüm, gör, səni necə əlimin içində saxlayacam? İndi... Sənsizlik ölümdən betərdi. Daha məni yola salma, mənim balam. Çağır yanına, aç qapını, birlikdə şirin yuxuya gedək...

Baharda gülüm,
Soldu baharda gülüm....
Burda gülmək yasaqmış,
Gedim, bə harda gülüm…
Göy üzü damar kimi,
Zülfün suda mar kimi,
Sızıldatdın Ananı,
Yağa su damar kimi...

Heç vaxt gələn günlərimi ötən günlərimə qurban deməzdim. Gələn günlərimdə sən vardın. İndi qalan bütün ömrümü qurban verərəm, səninlə olan bircə anımı qaytarsaydılar. Hər gün Tanrıma əl açıb səni istəyirəm ondan...

Heç nə istəmirəm ömürdən daha,
Tək bircə arzuma çatdırın məni.
Gələn günlərimi qurban verirəm,
Orxanlı günlərə qaytarın məni...

10 il ötür getməyindən, 10 il keçir məni tərk etməyindən. Bunu dilimə gətirmək ölümdən də betərdir mənə. Amma neyləyim, neyləyim... Əlim heç hara çatmır...

Səni haraylamaqdan başqa əlimdən heç nə gəlmir. Daha bəsdir, gəl apar məni. Səni gözləyirəm. Qapının zəngini çalasan, deyəsən: "Vallah, daha mən də sənsiz qala bilmirəm, gəl qoşalaşıb gedək..." Bu anı necə həsrətlə gözlədiyimi bilsəydin. Əllərimdən tutub məni göylərə aparacağın günü saatımı, dəqiqəmi, saniyəmi saya-saya gözləyirəm. Qayıt, mənim balam...

SƏNƏ EHTİYACIM VAR, QAYIT...

10 ildir sənsizəm. Qayıt, mənim balam. 10 ildir dilim qabar olub "Qayıt!" deməkdən...

Qayıt, gözlərimi qapayan olsun. Qayıt, vəsiyyətimi, son sözümü dinləyən olsun. Qayıt, cənazəmi çiynində aparan olsun. Qayıt, məni torpağa tapşıran olsun...

Bu gün mayın 1-dir, Orxan! Mayın 1-i. Səni mənə çox görən mayın 1-i...
10 ildir sənsizəm. Amma bir gün də sənsiz olmadım. Hər gün "SƏNSİZ SƏNİNLƏ"yəm...
2 ay sonra isə 40 yaşın tamam olacaq. Səni bu yaşında necə təsəvvür edim, Orxan? Axı, cəmi 30 yaşın vardı sənin...




AzNews.az