Böyük Azərbaycanın xəritəsi üzə çıxdı - FOTO

1 May 2014 21:35 (UTC+04:00)
Qarabağ, Zəngəzur, Göyçə, İrəvan və digər vilayətlər, eləcə də Araz və Kür çayları arasındakı əraziləri Azərbaycan ərazisi olduğunu göstərən xəritə tapılıb.

Bu maraqlı tarixi faktı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) üzə çıxarıb. Bu Alman tədqiqatçısı Georq Mateus Zoyterin 1730-cu ildə tərtib etdiyi xəritədir.

Bu tarixi fakt ermənilərin irəli sürdüyü bir çox fərziyələri alt-üst edir. Birincisi, xəritənin tərtib edildiyi dövrlərdə türk sərkərdəsi Nadir xan Farsın hökmüdarı deyildi və heç cürə administrativ islahatlar həyata keçirə bilməzdi. İkincisi, Azərbaycan 1847-ci ildə ingilis xəritəsində də bu formada göstərilib. Bu da o anlama gəlməyə imkan verir ki, 1847-ci ildə də Azərbaycanda heç bir islahat keçirilməyib, ərazilər yuxarıda göstərildiyi kimi Azərbaycana aid olub.

Ən maraqlı məqam isə ondan ibarətdir ki, alman tədqiqatçısının tərtib etdiyi xəritədə Ermənistan adı ərazi kimi göstərilməyib. Onun yerində həmin ərazi Turkomaniya kimi göstərilib.

Sual olunur: Niyə? Ona görə ki, Ermənistan ancaq Avropanın qədim antik dövrlərində öz əksini tapıb. Əgər avropalı kartoqraflar öz dövrlərinin siyasi reallığını göstərmək sitəyirdilərsə, Ermənistanın həmin xəritədə olmaması , onun dövlət kimi heç bir əhəmiyyət kəsb etməməsindən xəbər verir. Alman təqdqiqatçısı isə öz xəritəsinin tərtibatında Azərbaycan ərazilərini belə dəqiqliklə göstərməklə, həm də dövrünün siyasi mənzərəsini qeyd edirdi. Və bu dövrdə bizim regionun rolu xüsusilə qeyd olunub, ona görə ki, türklər o zaman regionda öz siyasətləri ilə mühüm rol oynayırdılar, ermənilər isə elə bir əhəmiyyət kəsb etmirdilər.(ANS)