Fətullah Gülənin Türkiyəyə ekstradisiya ŞƏRTLƏRİ

2 May 2014 08:23 (UTC+04:00)
Nurçuların lideri kimi tanınan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə gətirilməsi ölkələr arasında imzalanan müvafiq sazişə əsasən reallaşa bilər. AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə F. Gülənin geri qaytarılmasını 7-ci prezident Kənan Evrenin 1980-ci ildə ABŞ-la imzaladığı anlaşmaya görə istəyəcək.

Artıq ölkənin Baş Prokurorluğunun F. Gülən haqqında qaldırdığı "dövlət çevrilişi" və "mütəşəkkil dəstə yaratma" iddiaları cinayət işinə daxil olunub. Türkiyə hökuməti hesab edir ki, bu maddələrlə ittiham olunan şəxsin ABŞ tərəfindən verilməsində problem olmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Ankaradakı səfiri Fransis Rikkardone Gülənin geri qaytarılması ilə bağlı açıqlama vermişdi. O, açıqlamasında qeyd etmişdi ki, əgər Fətullah Gülənin təqsirli olduğu sübut edilərsə, ABŞ Türkiyənin tələbi ilə onun ekstradisiyasını həyata keçirməyə hazırdır.

Xəyalə Məmmədova
AzNews.az