Həyatın olduğu peyk tapıldı – Kəşf

3 May 2014 16:00 (UTC+04:00)
ABŞ Aviakosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Yupiterin peykində həyatın olduğuna dair iddia ilə çıxış ediblər.

AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, alimlər deyib ki, Yupiterin ən böyük peyki olan Qanimeddə həyatın mövcud olması üçün şərait var: "Qanimed qaya suxurları və donmuş buzdan ibarətdir. Donmuş buzlar dərinliyi bir neçə yüz kilometr olan nəhəng okean yaradır. Qanimed günəş sistemindən qorunmaq üçün özünün maqnit sferası olan yeganə peykdir. Peykin tərkibində oksigen daxil olan nazik atmosfer qatı da var".

Peykin su qatını araşdıran alimlər belə qərara gəliblər ki, okean bütünlüklə buzlaşmayıb: "Burada buz su təbəqələri ilə növbələşir. Tərkibindəki böyük miqdarda duzun olması sayəsində bu qatqı maye halında qalır".

Alimlər hesab edirlər ki, duzlu su okeanın dibinə çökərək qaya süxurları ilə əlaqələnə bilər. Bu isə insan həyatının inkişafı üçün lazımi şəraiti yaratmış olar.

Qeyd edək ki, Qanimed Yupiterin ən böyük peykidir. Peyk 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilib.

Aydan Axundov
AzNews.az