Deputat: “Yeni Müsavat”a və “Azadlıq”a 40 min manat borcum var
4 May 2014 09:29 (UTC+04:00)
"Qasid" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri, Milli Məclisin deputatı Mirkazım Kazımov AzNews.az-a müsahibə verib.
-Mirkazım müəllim, son zamanlar "Qasid"lə bağlı maraqlı informasiyalar yayılır. İşləriniz necədir?
- Son illər Bakının abadlaşdırılması məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən paytaxta müasir standartlara uyğun yeni köşklər gətirilərək, müxtəlif yerlərdə qurulub. Bununla da biz bu bazarda rəqabətə uduzuruq. Hazırda firmamızın balansında olan 120-ə yaxın köşk fəaliyyətdədir. Nəzərə alınmalıdır ki, bizim köşklər sovet dövründən qalıb və maliyyə vəziyyətimiz yüksək olmadığından da yeniləri ilə əvəzləyə bilmirik.
- Bəzi media qurumlarına borcunuzun olduğu da deyilir. Bunun yaranma səbəbi nə ilə bağlıdır?
- Son illər köşklərdə qəzet və jurnalların satışı aşağı düşdüyündən bizim "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə borcumuz yaranıb. Yaranmış borca görə, bir neçə dəfə "Yeni Müsavat" və "Azadlıq" qəzetinin kollektivi "Qasid" firmasının qarşısında aksiya keçirib. Mən onlara dəfələrlə cavab vermişəm. Bu gün daxili imkanlar hesabına onların borcunu ödəyirik. Bundan başqa "Azərbaycan", "İki Sahil", "Səs", "Yeni Azərbaycan", "Xalq qəzeti", "Respublika" və digər qəzet-jurnallara da borcumuz var. Bunu inkar etmirik və yavaş-yavaş ödəyirik.
- "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə olan borcunuzun miqdarını açıqlaya bilərsinizmi?
- Hazırda hər iki qəzetə 30-40 min manat borcumuz var. Bütün bu borclar qəpiyinə kimi bu qəzetlərə qaytarılacaq. Onlar bir neçə ay öncə firmanın qarşısında keçirdiyi aksiyada bizimlə 70 min manat borcun mübahisəsini edirdilər. Apardığımız hesablamada bunu aşağı olduğu müəyyənləşdi.
- "Qasid"in bağlanması və ya sizin əlinizdən alınması, yaxud da müvafiq dövlət qurumlarının nəzarətinə keçməsi ilə bağlı xəbərlərə də münasibətinizi bilmək istərdik...
- Azərbaycanda azad mətbuat və söz azadlığı var. Bunun da təməli mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev tərəfindən mətbuatda çox böyük diqqət yetirilib. Vaxtilə qəzetlərin dövlətə olan borcları ödənilib, dövlət senzurası aradan götürülüb. Hazırda da KİV-lərdə istənilən xəbərlər dərc edilir və buna dövlət tərəfindən heç bir maneə yaradılmır. Bunu KİV-lər də çox yaxşı bilir. "Qasid" mətbuat yayım firmasının isə dövlətdən heç bir asılılığı yoxdur. Bəzi müxalif KİV-lərdə dərc edilir ki, rəhbərlik etdiyim qurum dövlət tərəfindən idarə olunur. Qəti şəkildə bildirirəm ki, "Qasid" firması müstəqil və əldə etdiyi maliyyə vəsaitləri hesabına fəaliyyət göstərir. Bizim fəaliyyətimizə də dövlət tərəfindən heç bir maneçilik törədilmir və yaxud hər hansısa bir göstəriş verilmir.
- Gələcəkdə köşklərin yenilənməsi planlaşdırılırmı?
- Şəhərimizin gözəlliyinə uyğun köşklərin gətirilməsini nəzərdə tutmuşuq. Rusiya, Sloveniya, Fransa və İtaliyadan müəyyən köşk maketləri əldə etmişəm. Əlbəttə ki, biz o köşkləri rayon icra hakimiyyətləri və ya Bakı şəhər İcra Hakimiyyəti ilə razılalaşdırıb, arxitekturaya uyğunlaşdırdıqdan sonra Azərbaycana gətirib qurlaşdırmağı planlaşdırırıq.
- Köşkləri nə vaxt gətirməyi planlaşdırırsınız?
- Bunu deməyə çətinlik çəkirəm. Bu maliyyə ilə bağlı məsələdir. Çünki yay aylarında bizim qəzetlərin satışı 30-40 faiz aşağı düşür. Bu vaxtlar insanların əksəriyyəti istirahətdə olduğu üçün qəzet alanların sayı azalır. Amma yeni köşklərin ölkəyə gətirilməsi yaxın illərdə baş verəcək.
- Sizin köşklərdə qəzet və jurnallardan başqa xırdavat malların satışı da həyata keçirilir. Bu nə ilə bağlıdır?
- Bəli, bizim köşklərdə qəzet və jurnal satışından başqa digər xırdavat mallarda satılır. Köşklərdə satışa çıxarılan məhsulların 70-80 faizə qədəri qəzet və jurnallar, 20 faizi isə xırdavat mallardır. Buraya sular, alışqan və digər məhsullar gətirilərək satışı həyata keçirilir. Çünki köşklərdə bir qəzet və jurnal satışını həyata keçirməklə firmanı saxlamaq qeyri-mümkündür.
Amid Əyyuboğlu
AzNews.az