Rusiya Ukraynada insan haqlarının pozulduğunu iddia edir

5 May 2014 13:41 (UTC+04:00)
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynada insan haqlarının vəziyyəti ilə bağlı "Ağ kitab" adlanan toplu hazırlayıb.

AzNews.az-ın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədlər toplusu Rusiya prezidenti Vladimir Putinə təqdim edilib. Topluda Ukraynada insan hüquqlarının kobudcasına pozulmasına dair faktların olduğu iddia edilir. Sənəddə 2013-cü ilin noyabrından 2014-cü ilin martına qədər olan dövr əhatə olunub. Kitabda "Maydan" hadisələri zamanı baş verən proseslər qabardılaraq, insan hüquqlarının bu dövrdən başlayaraq daha çox pozulduğu əsas gətirilir.

Xatırladaq ki, "Maydan" hərəkatının qələbəsindən sonra Ukrayna ilə Rusiya arasında müharibə vəziyyəti yaranıb. Sabiq prezident Viktor Yanukoviçin ölkədən getməsindən sonra Rusiya Krıma qoşun yeridərək, muxtar respublikanı özünə birləşdirib. Hazırda isə Ukraynanın cənub-şərq vilayətlərində rusiyameyilli qüvvələr Kiyev hakimiyyətindən imtina edərək, Moskvaya birləşmək istədiklərini bəyan edirlər. Artıq tərəflər arasında aktiv hərbi əməliyyatlar başlayıb.

Aydan Axundova
AzNews.az