DİN-dən Cəmil Quliyevin müavinin qəzası ilə bağlı - AÇIQLAMA

5 May 2014 16:16 (UTC+04:00)
Daxili İşlər Nazirliyindən İTV-nin direktor müavinin törətdiyi qəza ilə bağlı açıqlama verilib.

Nazirliyin şöbə rəisi Orxan Mansurzadə baş verən avtoqəza ilə bağlı AzNews.az-a bunları deyib: "Mayın 3-də saat 11 radələrində Şaiq Məmmədovun deyil, Səxavət Əzizovun idarə etdiyi "Honda" markalı 90 AF 501 dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən Sumqayıt şəhərinin girəcəyində, Sülh küçəsinin kəsişməsində əks istiqamətdə hərəkət edən Sahil Abbasovun idarə etdiyi "VAZ-2101" markalı 10 HG 057 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "Honda "markalı avtomobilin qabaq buferi , "VAZ-2101" markalı avtomaşının arxa sol qanadı əzilib. Faktla bağlı Sumqayıt ŞPİ-nin DYPŞ-də araşdırma aparılıb, məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən öz həllini tapıb".

Şöbə rəisi bu avtoqəzanın DİN-in rəsmi saytında yer almamasına da münasibət bildirib: "Nazirliyin internet saytında gündəlik olaraq ölkə ərazisində ölümlə, ağır xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisələri barədə məlumatlar yerləşdirilir. Yuxarıda göstərilən az əhəmiyyətli, inzibati hüquqpozmalara aid yol-nəqliyyat hadisələri isə ərazi polis orqanlarının dövlət yol polisi qurumlarında araşdırılır".

Qeyd edək ki, İTV-nın direktor müavinin törətdiyi qəza ilə bağlı AzNews.az saytı xəbər yaymışdı.

Azər
AzNews.az