Səs-küylü qətldə məhkəmə sədrinin adı hallanır - İLGİNC (VİDEO)

6 May 2014 13:44 (UTC+04:00)
Ötən ilin ən səs-küylü qətl işi ilə bağlı müəmmalar davam edir. Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Adolf Şilderin qətlə yetirilməsindən sonra ortaya çıxan bəzi mətləblər cəmiyyətdə şok effekti yaratsa da, aparılan istintaq cinayətkarların cəzasız qalacağına dair fikir yürütməyə əsas verir.

Əvvəlcə onu qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı hələ də yekunlaşmayıb və sifarişçilər müəyyənləşdirilərək, istintaqa cəlb olunmayıb. Yəni istintaq qətlin sifarişlə törədildiyinə dair hər hansı sübut açıqlamayıb.

Zərərçəkən tərəf isə V. Şilderin qətlində sifariş amilinin olmasına əmindir və bunu da hazırda Binəqədi Rayon Məhkəməsində gedən məhkəmə istintaqı ilə əsaslandırırlar. Belə bir məqamda məsələ ilə bağlı olduqca ilginc məlumatlar almışıq.

V. Şilderin yaxınlarından AzNews.az-a verilən məlumatda bildirilib ki, cinayətkarların layiqli cəza almaması üçün bir sıra iri məmurlar öz vəzifələrindən, təsir imkanlarından yararlanır. Onlar arasında Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin adı da hallanır.

Bildirək ki, Şilder qətlə yetirilməmişdən əvvəl onun narkotik istifadəçisi kimi şərlənərək, tutulması əməliyyatını həyata keçirməkdə ittiham olunan polis mayoru Məmmədov İlham Zahid oğlunun cinayət işi üzrə məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılır. Elə bu da Sədrəddin Hacıyevin prosesin bir hissəsinə təzyiq etmək imkanını artırır. Və bu təzyiq cəhdləri keçirilən məhkəmə proseslərində özünü açıq-aşkar büruzə verməkdədir. Belə ki, zərərçəkənlərin yaxınlarının dedikləri, eləcə də vəkil Aslan İsmayılovun mətbuata verdiyi açıqlamalardan görünür ki, Binəqədi Məhkəməsində təqsirləndirilən tərəfə yerli-yersiz diqqətin göstərilməsi, qarşı tərəfə isə açıq-aşkar nifrət bəsləniləməsi, qaldırılan heç bir vəsatətin təmin edilməməsi, qanunun tələblərinə məhəl qoyulmaması, üstəlik bütün bunlarla bağlı məhkəmə sədrinə edilən müraciətlərin nəticə verməməsi sifarişin "yuxarıdan" gəldiyini göstərir.

Elə bu faktlar da qətlə yetirilən şəxsin yaxınlarının məhkəməni açıq şəkildə ittiham etməsinə əsas verir: "V. Şilderin ölümündə sifarişçi olan Əlizadə Xəyal Məzahir oğlunun və onun dostu Məmmədov İlham Zahid oğlunun cinayətinin ört-basdır edilməsinə çalışırlar".

Mərhumun qohumları əlavə olaraq bildirir ki, xaricdə gizlənən X. Əlizadə ədliyyə məmurları vasitəsilə həbsdəki İ. Məmmədovu himayə edir: "Görünür, Sədrəddin Hacıyev bu şəxsin minimum cəza ilə canını qurtarmasına çalışır. Məlumdur ki, sədrin xəbəri olmadan prosesə rəhbərlik edən hakim keçmiş polis zabitini himayə etməzdi. Məhkəmədə təqsirləndirilən şəxslərin təhlükəsizliyi Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qorunur. Belə ki, məhkəmə başlayan kimi prosesə sədrlik edən hakim Rəşad Əliyev təqsirləndirlilən İlham Məmmədova "müəllim" deyə müraciət etsə də, zərərçəkən tərəfə alçaldıcı jestlərlə cavab verir. Hətta vəkilimiz Aslan İsmayılova qarşı da belə nalayıq hərəkətlər edilir. Bundan başqa jurnalistlərin prosesdə iştirakına da maneə yaradılır. Hətta iclasların birində qətlə yetirilən Vüsalın anası Mətanət Şilderin dəmir barmaqlıqlar arxasında dayanan təqsirləndirilənlə polemikası birincinin təhqir olunması ilə nəticələndi. Bunu edən müttəhimə isə məhkəmə tərəfindən heç bir cəza verilmədi".

Mərhumun yaxınları məhkəmə sədrinin bu himayədarlığını sübut edən faktları, eləcə də, onu bu işə vadar edən məsələləri açıqlayacaqlarını bildiriblər.

Qeyd edək ki, Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb. Hazırda cinayətlə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir.

Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

AzNews.az