Avropa çempionatına gedəcək yeniyetmələr bəlli oldu

6 May 2014 17:59 (UTC+04:00)
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.


"Qafqazinfo" xəbər verir ki, proqrama əsasən, yeniyetmə yunan-Roma güləşçiləri mayın 10-11-də xalça üzərinə çıxacaq.

Çempionatda ölkəmizi təmsil edəcək yunan-Roma güləşi üzrə yığmamız mayın 8-də Bolqarıstana yola düşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında heyətdə Nofəl Babayev (42 kq), Pərvin Abdullayev (46 kq), Cabbar Nəcəfov (50 kq), Orxan Ağamalıyev (54 kq), İsrafil Yaqubzadə (58 kq), Arif Niftullayev (63 kq), İslambek Dadov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alıb.

Məlumat üçün bildirək ki, Avropa çempionatı bu ilin 25-27 avqustunda Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yeniyetmə qızların mübarizəsində 46, 52, 60 və 70 kq, sərbəst güləşçilərin mübarizəsində 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçilərinin yarışında isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələri lisenziya qazandıracaq. Xatırladaq ki, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

AzNews.az