“Eurovision”da dəyişikliklər edilib

7 May 2014 11:01 (UTC+04:00)
"Bu il yarışmanın qaydalarında səsvermənin şəffaflığını göstərən dəyişikliklər olunub.

Mayın 1-də hər bir ölkədən olan jüri üzvlərinin adları açıqlanıb. Final şousundan dərhal sonra isə hər bir jürinin ayrı-ayrı ifaçılara verdiyi səslər açıqlanacaq. Beləliklə, tamaşaçılar hər şeyin qaydalara uyğun olduğunu özləri görmüş olacaqlar".

Bu sözləri APA-ya açıqlamasında "Eurovision" mahnı yarışmasının təşkilati işlər üzrə direktoru Sietse Bekker deyib.

O qeyd edib ki, Danimarka televiziyası və meriyası builki yarışmanın yüksək səviyyədə keçməsi üçün uğurlu əməkdaşlıq edir: "Şouların baş tutacağı məkan gəmiqayırma zavodudur. Bu, lazımi sayda tamaşaçının bir yerə toplaşıb, yarışmaya canlı şahidlik edə bilməsi üçün yeganə mövcud məkandır. Adı çəkilən zavodda əlverişli dəyişikliklər olunub. Onu da qeyd edim ki, alınan effektdən olduqca razıyıq. Azərbaycanda baş tutan şou zamanı məhz bu məqsəd üçün yeni məkan tikildi. Amma son ana qədər biz hazırlıqların bitib-bitməyəcəyindən narahat idik. Sonda isə avropalı tamaşaçılar çox yaddaqalan və qüsursuz üç canlı şounun şahidi oldular. Avropada bu yarışmaya maraq azalmır, çünki bu yarışma Avropanın müxtəlif bölgələrindən insanları bir yerə toplayır. "Eurovision" bir musiqi bayramıdır. Dünən baş tutan birinci yarımfinal şousuna olan tamaşaçı marağı buna sübutdur".

S.Bekker bu il iştirakçıların qalib gəlmə şanslarının tam bərabər olduğunu, açıq favoritin olmadığını və nəticənin birbaşa final şousu günü göstərilən performanslarla əlaqədar olduğunu söyləyib. O, yarışmada iştirakdan imtina edən ölkələrlə yanaşı, müəyyən fasilədən yenidən yarışmaya qayıdan ölkələrin də olduğunu qeyd edib. Onların arasında Polşa və Portuqaliya da var.

AzNews.az