Döyülən jurnalistlə bağlı DİN-dən daha bir AÇIQLAMA

7 May 2014 13:41 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxslərin idmançı Tural Bayramovdan sifarış alması xəbəri ilə bağlı Aktual.az-a açıqlamasında bildirib ki, bu barədə hələki heç bir söz deyə bilməz:

"Mətbuatda kimin adı hallandırılır, bilmirəm. İstintaq sirri olduğu üçün açıqlama vermək qanunvericiliyə ziddir. Cinayətdə iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Əlavə heç nə deyə bilmərəm. Çünki bu istintaqın gedişinə təsir edə bilər".

Xatırladaq ki, Fərahim İlqaroğlu 25 aprel tarixində yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən döyülmüşdü.

Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb.

Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.

AzNews.az