İran rəsmisi Azərbaycanı yardıma səslədi

7 May 2014 17:17 (UTC+04:00)
İran hökuməti Urmiya gölünün bərpasını qarşısına məqsəd qoyub.


AzNews.az xəbər verir ki, APA-nın İranın "Səhər" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin sədri, vitse-prezident Məsumə Ebtekar bildirib.

Onun sözlərinə görə, hazırda hökumətin qarşısında çox mürəkkəb bir problem var: "İranda yeni hökumətin iş başına gəlməsinin ilk günlərində məqsədilə işçi qrup yaradılıb. Bu hövzənin xilası beynəlxalq nailiyyətdir. Ona görə də bütün region ölkələri, o cümlədən Azərbaycan Respublikası İranın bu istiqamətdə atdığı addımlara sevinməli və bizə Urmiya gölünün yenidən bərpası məsələsində yardım etməlidir. Şübhəsiz, Urmiya gölünün ekologiyasının yenidən bərpası məqsədilə kifayət qədər vəsait ayrılması nəzərdə tutulub. Təbii ki, bu sahədə beynəlxalq əməkdaşlığa da ehtiyac var".

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv/km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.

AzNews.az