"Laba" ləqəbli Mübariz Pənahov vəzifə aldı - 10 ildən sonra

7 May 2014 17:47 (UTC+04:00)
Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri Mübariz Pənahov uzun fasilədən sonra dövlət qulluğuna qayıdıb.

AzNews.az xəbər verir ki, AzPolitika.info-ya daxil olan məlumata görə, M.Pənahov ötən həftə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Azərbaycanda hamının "Laba" ləqəbilə tanıdığı M.Pənahov Naxçıvanın ictimai-siyasi, eyni zamanda idman həyatında mühüm rolu olmuş şəxslərdəndən biri olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak etmiş M.Pənahov etimad qazanaraq Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı.

2004-cü ildə MR rəhbərliyi ilə münasibətlərində yaranmış anlaşılmazlığa görə vəzifəsindən istefa verərək Bakıya köçən M.Pənahovun burda yüksək vəzifəyə təyinatı gözlənilsə də, bu barədə çoxsaylı məlumatlar öz təsdiqini tapmamışdı. Əksinə, o, kölgəyə çəkilərək bizneslə məşğul olmağa başladı.

Bununla belə, Azərbaycan mətbuatının M.Pənahova marağı heç vaxt tam itmədi – bu illər ərzində o, dəfələrlə mətbuatın gündəmində ön sıralarda yer almışdı. Bunun da bir səbəbi cənab Pənahovun kifayət qədər böyük kapitala sahib olmasilə bağlıdırsa, digər səbəbi özünün şəxsi keyfiyyətləri – xarizması və Naxçıvan camaatı arasındakı populyarlığı ilə əlaqəli idi. Bu baxımdan, onun yenidən dövlət işinə qayıdacağı müəyyən qədər gözlənilən idi.

M.Pənahovun vəzifəyə təyinatı onunla Naxçıvan rəhbərliyi arasındakı münasibətlərdə gərginliyin tam aradan qalxdığını göstərir. Bizə verilən məlumata görə, Pənahovun qısa müddətdən sonra daha yüksək vəzifəyə təyinatı da istisna deyil.

AzNews.az