Yaşar Nuri: “Ramil Səfərovun Vətənə gətirilməsi məni ağlatdı”

3 Sentyabr 2012 11:23 (UTC+04:00)


Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri bu gün 61 yaşını qeyd edir. Bununla bağlı APA-ya açıqlama verən aktyor iki ildir bu günü xəstəxanada keçirdiyini deyib: "Bu gün ad günümdür və özümlə bərabər bütün Azərbaycan xalqına can-sağlığı, əmin-amanlıq, firavan və problemsiz həyat arzu edirəm. İnanın, həyatda can-sağlığından önəmli heç nə ola bilməz. Can sağlığım olsa kinoda da, teatrda da ömrümün sonuna kimi rol oynayacağam. Sənətdə arzularım çoxdur, oynamaq istədiyim rollar var, bircə can sağlığı da olsa, bütün bunlar olar".

Aktyor səhər açılandan ad günü ilə bağlı bir çox təbriklər eşitdiyini dilə gətirib. Yaşar Nuri özünü yaxşı hiss etdiyini də sevənlərinin nəzərinə çatdırıb: "Özümü yaxşı hiss edirəm, danışıram, gülürəm, inşallah Vətənə dönəcəyəm".

Aktyor deyib ki, Azərbaycana nə zaman dönəcəyi sabah məlum olacaq. Zabit Ramil Səfərovun Azərbaycana qaytarılması və azad olunmasını ad gününün ən böyük hədiyyəsi olduğunu bildirən sənətkar, həmin gün göz yaşlarını saxlaya bilmədiyini açıqlayıb: "Ramil Səfərovun Vətəndə azad olması məni ağlatdı. Bu sevinc heç bir hisslə əvəz edilə bilməz. Eşq olsun vətənimin mərd oğullarına. Mənim üçün bu ən böyük hədiyyədir, bundan böyük nə hədiyyə ola bilər?"

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri uzun müddətdir səhhətindəki problemlərlə bağlı Türkiyənin Amerika Xəstəxanasında müalicə olunur.

AzNews.az