Nazir Üzeyir Cəfərova vəzifə verir – Zakir Həsənovun təklifi qalmaqal yaratdı

8 May 2014 11:14 (UTC+04:00)
Müdafiə Nazirliyinin yüksək çinli rəhbər heyətinin iştirakı ilə keçirilən iclasda nazir, general-polkovnik Zakir Həsənovun təklifi toplantı iştirakçılarında şok effekti yaradıb.

AzNews.az-a daxil olan məlumata görə, bir neçə gün əvvəl Z. Həsənovun sədrliyi ilə keçirilən yığıncaqda Müdafiə Nazirliyindəki kadr islahatları və boş qalan yerlərə təqdimatlar məsələsi müzakirə edilib. Müzakirə predmetlərindən biri də "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru vəzifəsinə təqdimatla bağlı olub. "Azərbaycan Ordusu" qəzetinin fəaliyyətini və onun keçmiş baş redaktorlarının siyahısını nəzərdən keçirdikdən sonra nazirin təklif etdiyi şəxsin kimliyi təəccüblə qarşılanıb. Hətta bəziləri Z. Həsənovun onların mövqeyini öyrənmək üçün bu şəxsin namizədliyini irəli sürdüyünü düşünüblər.

Ancaq nazir mövqeyində israrlı olduğunu və həmin jurnalistə onun təklifinin çatdırılmasını istəyib. İclasda şok yaradan amil isə bu namizədin Müdafiə Nazirliyi strukturu ilə bağlı daim tənqidi fikirləri ilə tanınan hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov olması olub. Z. Həsənov müvafiq şəxslərə Üzeyir Cəfərovla danışmalarını və onun razılıq verəcəyi təqdirdə baş redaktor vəzifəsinə çağırılması barədə tapşırıq verib. Z. Həsənovun təklifi bir nazir müavini və idarə rəisi tərəfindən etirazla qarşılanıb.

Onlar deyiblər ki, Ü. Cəfərov bu günə qədər Müdafiə Nazirliyinin əleyhinə danışıb və bundan sonra da mövqeyini dəyişməyəcəyini bildirib. Z. Həsənov isə arqumentləri əsassız hesab edərək deyib ki, zamanında ona qarşı lazımsız təzyiqlər edilib və günahkar tək Ü. Cəfərov deyil. Nazir tapşırıb ki, Ü. Cəfərovla əlaqə saxlanılsın və qəzetin rəhbərliyi ona tapşırılsın: "O, həm qəzeti normal səviyyəyə gətirər, həm də məsələ birdəfəlik həll olunar".

Qeyd edək ki, Ü. Cəfərov bir müddət əvvəl Nazirlikdə ona vəzifə təklif edildiyini açıqlamışdı.

Azər
AzNews.az