Ukraynada beynəlxalq təşkilatın 7 əməkdaşı girov götürüldü
10 May 2014 07:23 (UTC+04:00)
Qırmızı Xaç Beynəlxalq komitəsinin yeddi əməkdaşı naməlum şəxslər tərəfindən girov götürülüb. AzNews.az xəbər verir ki, bu barədə məlumatı "Novosti Donbossa" yayıb. Saxlanılanlar yalnız kişilərdir. Onlardan biri Fransa vətəndaşı, qalan altı nəfəri isə ukraynalılardır. O da məlum olub ki, ukraynalılardann üç könüllü Kiyevdən və üç könüllü Donetskdəndir.
Könüllülər mayın 9-da dava-dərman ilə birlikdə Donetskə çatıblar. Onlar Donetskinin mərkəzindəki Vatutina küçəsində yerləşən Qırmızı xaç ofisində olublar. Hücum yerli vaxtla saat 16:00 radələrində baş verib. Binaya basqın edənlər əvvəlcə binada olan bütün insanları əsir götürüblər. Sonra qadınları azad ediblər və aradan çıxıblar. Basqınçılar könüllülərin özləri ilə gətirdikləri dərmanları da götürüblər .
Girov götürülənlər Donetsk vilayəti dövlət administrasiyasının binasında saxlanılırlar. Bu binaya isə hazırda qondarma "Donetsk Xalq Cümhuriyyətinin" tərəfdarları nəzarət edir.
Aydan Axundova
AzNews.az