Əməkdar artist: “Nazir müavini “Azdrama”nı eşşəyin quyruğuna bağlayıb”

12 May 2014 07:23 (UTC+04:00)
"BİZƏ QARŞI REPRESSİYA APARILIR"

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun AzNews.az-a müsahibə verib. O, müsahibəsində mədəniyyət sahəsindəki özbaşınalıqlardan, ədalətsiliklərdən danışıb, inanılmaz faktlar açıqlayıb:

- Əli müəllim, bir necə həftə öncə ölkə başçısının sərəncamı ilə bir qrup sənət adamı Prezident Mükafatına layiq görüldü. Bundan əvvəlki illərdə adı siyahıda olan Əli Nurun adı nədənsə, bu dəfə kənarda qalıb. Sirr deyilsə, bunun səbəbi nədir?
- Məni Prezident Mükafatı siyahısından nə üçün çıxardıqlarının səbəbini bilirəm. Bu teatra 1986-cı ildə Siyavuş Aslanla birlikdə, Akademik Milli Dram Teatrının direktorunun məktubu əsasında nazirin əmri ilə gəlmişdik. Bu teatra gəlməyimdə bir məqsəd vardı - truppanı gücləndirmək. O, vaxtı bugünkü kimi arxa qapıdan, qeyri-şəffaf yolla aktyor götürmək olmazdı. Həmin vaxtı teatra gətirilən aktyorlar bədii sovet tərəfindən bəyənilib, nazirlikdə müzakirə olunub, sonra əmri verilirdi. Bu son 40 ildə bir Siyavuş Aslana və mənə nəsib olub. Üçüncü bir aktyora nəsib olmayıb. Bunu bu gün vəzifədə olan Mədəniyyət və Turizm nazirinin müavini, Azərbaycan teatrını əlinin altında oynadan Ədalət Vəliyev əzbər bilir. 20 ildir ki, Ədalət Vəliyev mənə qarşı repressiya aparır. Repressiya həyatı keçirirəm. O, mənim bütün yaradıcılığımı əla bilir. Ədalət Vəliyev məni yaxşı tanıyır, biz bir teatrda işləmişik. Mən bu teatra gələndə Məlik Dadaşov, Səfurə İbrahimova ranqında aktyor idim. Mərkəzi Komitənin bütün tədbirlərində mən olmuşam. İndi isə biz yada düşmürük...

Azərbaycanda İrəvan Teatrının 120 illik yubileyi keçirildi, 3 aktyora Xalq artisti verdilər, 4-5 nəfərə Əməkdar artist, 10-a yaxın şəxsə isə medal. Akademik teatr yada düşmədi. Bizim teatrdan bir nəfər olsun belə, o yubileyə dəvət olunmadı. Musiqili Teatrın 90 illik yubileyi oldu, yenə Akademik Milli Dram Teatrı yada düşmədi, bir aktyora belə, titul verilmədi. Lənkəran Teatrının 120 illik yubileyi oldu, bir aktyor yada düşmədi. Bələdiyyə Teatrının 10 illiyi oldu, bizə yenə də bir çöp verən olmadı. Mən Sumqayıt Teatrında canımı qoymuşam, teatrın sütunu, beyni, gözü olmuşam. Sumqayıt teatrının 40 illik yubileyində səhnəyə yaramayanlara fəxri ad verildi, amma mən yenə də yada düşmədim. Nəhayət, "Azdrama"nın öz yubileyində 30 nəfər aktyora ad, ev, mükafat verildi, Əli yenə də yada düşmədi. Teatrın 140 illiyində isə hamıya hər şey verdi, amma yenə də bu teatrın kollektivinə heç nə verilmədi. Dedilər bu, ümumi Azərbaycanın bayramıdır. Əgər bu ümumi Azərbaycanın bayramı idisə, bəs, onda niyə Sumqayıt Teatrına 40 illik yubiley keçirirdiniz? Niyə bəs o yuxarıda adını çəkdiyim teatrların yubileyini qeyd edirdiniz? "Azdrama" niyə yada düşmədi? "Azdrama"nın yubileyində isə siz hər şeyi yenə o sadaladığım teatrlara verirsiniz. Bu, eşşəyin quyruğuna nəri bağlamaqdır... Nəri bağlamısınız, amma fili heç vaxt eşşəyin quyruğuna bağlamaq olmaz, Ədalət Vəliyev! Sən Akademik teatrı və məni eşşəyin quyruğuna bağlamısan.

- Xalq artisti Mərahim Fərzəlibəyov AzNews.az –a müsahibəsində "Azdrama" ilə bağlı səsləndirilən mənfi fikirlərin qərəzli olduğunu bildirmişdi və əlavə etmişdi ki, bu teatrda nəinki qocamanlara, hətta yeni nəslə də yüksək qayğı göstərilir... Bu baxımdan sizin söylədikləriniz mənimçün təəccüblü oldu...

"O, SATQINDIR!"

- Mən buradan bəyan edirəm ki, Mərahim Fərzəlibəyov 5 qəpiyə Akademik Teatrı satan adamdı.

- Onu buna vadar edən nədir?
- Mən onu 1966-cı ildən tanıyıram. O, teatrı satan və yalaq bir adamdır. Onun sizə verdiyi müsahibəsini oxudum və dəhşətə gəldim. İndi ona sualım var: Mərahim Fərzəlibəyov, İsarafil İsrafilov bu teatra direktor gəlib. Necə olur ki, biz səsimiz çıxarmırıq, sən yazırsan ki, guya biz gənclərə yer vermirik və onların paxıllığını çəkirik? Hüseyn Ərəblinski haqqında tamaşa qoyulub. Nəzərinizə çatdırım ki, Hüseyn Ərəblinski Akademik Milli Dram Teatrının yaradıcısıdır. Bu teatrın babasıdır. Hüseyn Ərəblinski obrazını Akademik Milli Dram Teatrında oynamaq üçün aktyor Rus Dram Teatrından dəvət olunur. Boyu balaca, səsi zəif, heç bir xüsusi göstəriciləri olmayan orta səviyyəli, ikinci dərəcəli aktyor... "Azdrama"da isə 7-8 "Ərəblinski" vardı. Niyə bu rola bizdə deyil, "çujoy" teatrdan birinə verildi. "Ağa Məhəmməd Şah Qacar"ı oynamağa 10 aktyor vardı. Niyə başqa teatrın aktyoru oynadı? "Napaleon"un özünü oynamaq üçün 10 aktyor vardı teatrda, amma o, da kənardan gəldi. Ramiz Novruz, Nurəddin Mehdixanlı, elə mənim özüm " Napaleon"u oynaya bilməzdik? Biz oynasaydıq, o tamaşa səhnədə 10 il gedərdi. Amma "Napoleon" tez bir zamanda repertuardan çıxdı.

"BU, REPRESSİYADIR"

- Nəyə görə?
- Çünki yaramırlar. Tamaşaçı onları qəbul eləmir. Bura Akademik Teatrdır. Bu həmin Ədalət Vəliyevdir ki, Hüseyn Cavidin 125 illiyində bütün teatrlardan dəvət olunmuş aktyorların qarşısında dedi ki, "Siz Akademik Teatrdasınız, siz sıfırsınız. Bilin ki, burada 3 aktyor var ki, Akademik Teatra cavab verir. Bunlar Akademik Teatrın sütunlarıdır: Əli müəllim, Nurəddin Mehdixanlı və İlham Əsgərov". Bunu Ədalət Vəliyev truppanın qarşısında təkrar elədi. Bəs, Ədalət Vəliyev necə oldu, bunlar yadından çıxıb? Necə oldu, biz onda teatrın sütunu, lideri, ən yüksək aktyor oluruq, indi isə bunlar orden-medal alır, bizsə siyahıdan silinirik? Sən bununla nə demək istəyirsən? Mən səndən soruşuram, bu repressiyadır, ya yox?
Teatrda "Dədə Qorqud" qoyulur, o da başqa teatrdan gəlir. Xeyir olsun, bəyəm "Azdrama"da "Dədə Qorqud" yoxdur?
"Qanlı Nigar" tamaşası qoyulub, vaxtiykən Yaşar Nuri oynayıb. İndi bu obrazı oynamaqdan ötrü başqa teatrdan aktyor dəvət edirlər, amma alınmadı. Direktor dedi ki, "Sən elə aktyorlarla bir aradasan ki, burada onlar səviyyəsində görünə bilmirsən. Ya roldan çıx, ya da onlar səviyyəsinə qalx. Bura Akademik Teatrdır. Sənsə itdin, batdın onların arasında".
İndi də "Nadir Şah"ı qoyurlar. Eşitmişəm teatra dəxili olmayan, rejissor təhsili olmayan rejissor bu boyda əsərə quruluş verir. Hələ bu cəhənnəm, "Nadir Şah" obrazını isə Gəncə Dram Teatrının aktyoruna verilib. Xeyir olsun, bəyəm bu teatrda "Nadir Şah" yoxdur. Bunlar nə deməkdir?
Bəs, bunlar bizə təsir etməyir?

"MƏRAHİM FƏRZƏLİBƏYOV TEATRDA HƏR OYUNDAN ÇIXIR"

Mərahim Fərzəlibəyov deyir ki, guya biz gənclərə yol vermirik. Hansı gənc gəldi, biz ona yol vermədik? Elə sənin kimilərin əməllərindi ki, "Azdırama" gəldi uçuruma düşdü. Baş rejissor olanda sən tamaşadan savayı teatrda hər oyundan çıxdın. Səni "YUĞ" teatrına göndərsələr, inan ki, oranın aktyorları milçək kimi qovarlar. Bir aktyor sənə salam verməz və sənin məşqinə gəlməz. Sən bunu yaxşı bilirsən. Sən get "YUĞ"a görüm orada bircə tamaşa qoya bilərsən? Amma sən gör Akademik Teatrın aktyorları ilə bağlı necə müsahibə verirsən. Bu haqqı sənə kim verib? Biz nə "YUĞ"un düşməniyik, nə Gənc Tamaşaçılar Teatrının, nə də digər teatrların. Ona görə ki, Akademik teatrın aktyorları onlarla müqayisədə deyil. Onlar bizdən çox-çox aşağıdadırlar. Onlar nə təfəkkürdə, nə səhnədə, nə dəyişilmədə, nə başqalaşmada, nə bir saniyənin içində səhnəni hipnoz etməkdə, peyğəmbərlikdən cadügərliyə kimi ucalmaqda heç bir aktyor bizim səviyyəmizdə deyil və ola da bilməz. Çünki Akademik Teatrın aktyorları hamısı seçilib gəlib. Biz seçilmişlərik. Bizə orada tay aktyor yoxdur. Mümkün deyil ki olsun. Akademik Milli Dram Teatrın orta səviyyəli aktyoru bütün teatrların aktyorundan yüksəkdə durur. Hələ mən liderləri demirəm. Biz elə aktyorlarıq ki, bir saniyədə 100 min adamı ağladıb, güldürə və 100 min adamı arxamızca apara bilirik. Bunu heç bir teatrın aktyoru edə bilməz. Bu faktdır. Ədalət Vəliyev bunu 5 barmağı kimi bilir.

"ƏBÜLFƏS QARAYEV MƏNƏ VƏDLƏR VERİB"

Fatma Abdullazadə, Ədalət Vəliyev, mənim topuğumdan olmayan aktyorlara siz xalq artisti adı verirsiniz. Hansı ki, onları nə səhnədə qəbul edirlər, də küçədə. Mən hansı küçə ilə gedirəm, metroya girirəm, ayağa qalxırlar, yer verirlər. İndi belə aktyorlar azdır. Belə hörmət qoyulan, sevilən aktyorlar - Rasim Balayev, Nurəddin Mehdixanlıdır. Siz bilmirsiniz ki, bizi eşşəyin quyruğuna bağlamaq olmaz. Amma Ədalət Vəliyev bizi eşşəyin quyruğuna bağlayıb və yaman günə qoyub. Bunu Cənab nazir Əbülfəs Qarayev də gözəl bilir. Əbülfəs Qarayev dəfələrlə mənim qoluma girib, boynumu qucaqlayıb. Mənə vədlər verib. Sonradan məlum olub ki, Fatma Abdullazadə deyir ki, "Əli sənin adın bizə təqdim olunmayıb". Ədalət Vəliyevdən soruşanda isə Prezident Aparatına məlumat verir ki, "Əli Nurun adı heç vaxt teatrdan Mədəniyyət və Turizm Nazirliyinə göndərilməyib. Ona görə biz qalmışıq belə". Ədalət sən nə oyun oynayırsan? Buna nə deyirlər? Cənab nazir Sumqayıt Teatrının 40 illiyində mənim boynumu qucaqlayıb, Afaq xanımın yanında deyir ki, "Ədalət, bu Əli müəllimin fəxri adı nə vaxt olacaq?" Sən gör nə deyirsən: "Onun bəxti belə gətirib, o, hər şeyə gec nail olur". Bu nə deməkdir? Mən bilmirəm ki, ona nə düşmənçilik etmişəm. İki bacısının məclisini aparmışam. Vaxtı ilə də yeyib-içmişik. Bu, mənimlə nə qan düşmənçiliyi edir anlaya bilmirəm. Mən Ədalət Vəliyevə nə etmişəm ki, o, məni 20 ildir eşşəyin quyruğuna bağlayıb. Yeganə aktyoram ki, tələbə ola-ola dərs deyib aktyorluq etmişəm. Mən yeganə aktyoram ki, Məleykə Abbaszadənin düz üzünə demişəm ki, mən sizin təhsilə qəbul sisteminizdən xəcalət çəkirəm. Hər il mən 20 nəfər aktyor seçirəm, amma Aktyorluq Fakültəsinin auditoriyasına girəndə bazarlarda turşu satmağa layiq olmayan uşaqları görürəm.
Mən 40 ildir müəlliməm. Bir tələbə deyə bilər ki, bu yumurtanı götür? Bilirlər ki, mən onu iti qovduran kimi qovduraram. Bu aktyorlar hansı yolla fəxri ad alırlar? Dünyanın hansı ölkəsində 19 yaşlı müğənniyə əməkdar artist adı verilir? Qazanıbdır? Dastayevskinin "İdyot" əsərində belə deyilir: "Alcaq və murdar puldur ki, o talantsız adamları talantlı edir". Ədalət Vəliyev sən nə vaxta kimi talantsız adamları talantlı edəcəksən? Nə vaxta kimi ləyaqətsiz adamlara fəxri adı verəcəkəsən? Nə vaxta kimi ləyaqətsiz adamlara orden-medal verəcəksən? Səhnədə bir dəfə öskürəyim yetər ki, Ədalət Vəliyevin fəxri ad, medal verdiyi adamlar qaçsın.

"18 YAŞLI MÜĞƏNNİYƏ FƏXRİ AD VERİRLƏR"

Asəf Zeynallının sonuncu kursunda oxuyan 18 yaşlı müğənniyə - Simarə İmanovaya əməkdar artist adı verirlər. Ayıbdır vallah. Bu Azərbaycan sənətini təbliğ edən Əli Nura hörmətsizlik deyil? Zülfiyyə Xanbabayevanın iki klipi var, Xalq artistidir. Hansı yolla Ədalət Vəliyev?! Bunlar kimdi? Rəşid Behbudovdu?! Ya Müslümdü? Baxın internetə, hamısı lüt-üryan... Bunlar milli dəyərdi? Bunun bir adı var - millətə xəyanət, vəssalam...

Bahar Rüstəmli
AzNews.az