Ukraynada qondarma referendum dalğası- Putin susur

12 May 2014 09:00 (UTC+04:00)
Ukraynanın cənub-şərq vilayətlərində hakimiyyəti ələ keçirən rusiyameyilli separatçı qüvvələr tərəfindən ötən gün keçirilən "referendum"un nəticələri açıqlanıb.

AzNews.az-ın məlumatına görə, qondarma "Donetsk Xalq Respublikası"nın Mərkəzi Seçki Komissiyasının açıqlamasında bildirilib ki, referendumda "respublika" əhalisinin böyük hissəsi iştirak edib. Seçicilərin 89,7 faizi "respublika"nın müstəqilliyinə, 10, 19 faizi əleyhinə səs verib. Seçki bülletenlərinin 0,74 faizi isə yararsiz halda olub.

MSK-dan o da qeyd olunub ki, "referendum"un nəticələrinə dair rəsmi açıqlama yaxın günlərdə elan olunacaq. Analoji "referendum" Luqansk vilayətində də keçirilib. Burada da qondarma "Luqansk Xalq Respublikası" adlı qurumun separatçı rəhbərliyinin açıqlmasına görə, səsvermədə iştirak edənlərin 81 faizi "respublika"nın müstəqilliyinin tanınmasına səs verib.
Rusiya prezidenti Vladimir Putin isə "referendum"la bağlı mövqeyini açıqlamayıb. V. Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, nəticələr rəsmi açıqlanadıqdan sonra Rusiya prezidenti məsələyə öz mövqeyini bildirəcək.

Qondarma qurumların keçirdiyi "referendum" qansız ötüşməyib. Krasnoarmeysk şəhərində antiterror əməliyyatı keçirən Ukrayna hüquq-mühafizə orqanları ilə separatçılar arasında baş verən toqquşmada 2 nəfər ölüb.

Məhəmməd
AzNews.az